Hakimiyyət kredit faizlərinin azaldılmasına başlayıb

İyulun 10-da Mərkəzi Bank kredit faizlərinin azaldılmasına yönələn addımların atılacağını bildirib.
 
Söhbət iyulun 13-də uçot dərəcəsinin 3,5 faizdən 3 faizə endirilməsindən gedir.
 
Rəsmi məlumata görə, bu tədbirlər qeyri-neft sektoruna, kiçik və orta biznesə  maliyyə dəstəyinin gücləndirilməsinə yönəlib.
 
Bundan əlavə, AMB kreditlər üzrə faiz dərəcələrinin azaldılması məqsədilə atılacaq addımları bəyan edib. Bu məqsədlə AMB-nin rəhbəri Elman Rüstəmov ölkənin bank rəhbərləri ilə görüşüb.
 
Görüş zamanı maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunub.
 
AMB bankların kreditləşdirmə, xüsusilə fiziki şəxslərin kreditləşdirilməsi ilə əlaqədar sosial məsuliyyətinin gücləndirilməsi, kredit siyasətlərinin ölkənin iqtisadi inkişaf prioritetlərini və hədəflərini nəzərə almasının daim diqqətlərinə çatdırılmasına baxmayaraq, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmaması ilə bağlı mövqeyini banklara bildirib, hər istiqamət üzrə konkret tapşırıqlarını verib.
 
Bildirilib  ki, banklar qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etməlidir.
 
Görüşdə istehlak kreditləşməsi zamanı komisyon haqlarının 1 faizlə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli dərəcədə azaldacağı diqqətə çatdırılıb.
 
Bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilib. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən görülmüş işlər, o cümlədən planlaşdırılan əlavə tədbirlər barədə banklar məlumatlandırılıb.
 
Mərkəzi Bank kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə işlərin davam etdiriləcəyini bildirib.
 
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, ölkənin yaşlı əhalisinin kreditlər üzrə borcu 40%-dən çoxdur. İyunun 1-nə olan məlumata görə, əhalinin istehlak kreditlərinin həcmi  8 mlrd. manat təşkil edir.
 
Ekspertlərin qiymətləndirmələrinə görə, ümumilikdə ölkədə problemli kreditlərin həcmi 1 mlrd. manat təşkil edir. Qaytarılmayan kreditlərin artım prosesi həndəsi silsilə ilə inkişaf edir, çünki borclar vaxtında ödənilmədiyinə görə faiz əlavə edilir.
 
Ekspertlər hesab edirlər ki, bu proses iqtsadi böhran və əhalinin gəlirlərinin azalması fonunda ölkəni sosial partlayışa aparır.
 
Elə vaxt olar ki, borclar bank sistemini tamamilə dağıda bilər və rentabellik olmadığından bank sistemi özü iflasa uğraya bilər.
 
AMB-nin qəbul etdiyi tədbirlər qaytarılmayan kreditlər problemini həll etmir, bu, qismən dövlət tərəfindən silinə bilər. Bundan əlavə, hakimiyyət Azərbaycanda son dərəcə hədsiz bank kreditlərinə son qoymalıdır, dünyanın heç bir yerində belə bir şey yoxdur.
 
Lakin belə olduğu halda da bank depozitlərinin cəlbediciliyi sürətlə enəcək, belə ki bu depozitlər əhalinin digər hissəsinə ildə 10-12% gəlir gətirir, ancaq bunun da dünyada analoqu yoxdur.
 
Bu cür analoqsuz bank sistemi neft gəlirlərinin məhsuludur. Bu gəlir çox olanda sistem bir qədər işləyirdi, gəlirlərin üç dəfə azalması özünü göstərdi.
 
Odur ki, fevralda manatın 34% devalvasiyası bəlkə də ilk maliyyə şoku ola bilər.

Google+ WhatsApp ok.ru