Hakimiyyətə sanksiya tələb edən qətnamə müzakirəyə çıxarılır – SƏNƏD

Avropalı deputatlar beynəlxalq müşahidəçilərə Azərbaycandakı seçkiyə getməməyi tövsiyə edir

Bu gün Avropa Parlamentində Azərbaycandakı repressiyalarla bağlı qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Layihəni Liberal-Demokratlardan ibarət fraksiya (ALDE qrup) təqdim edib.
 
Bu gün qəbulu gözlənilən qətnamə layihəsinin mətni Avropa Parlamentinin saytında yerləşdirilib. Layihənin müəllifləri qeyd edir ki, sənədi hazırlayarkən Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair əvvəlki qətnamələrini; Avropa Ittifaqı, Avropa Komissiyası, Avropa Şurası və s. qurumların rəhbərlərinin bu ölkədəki repressiyalarla bağlı son dövrlərdə verdikləri bəyanatları; həmçinin Leyla və Arif Yunuslar, Xədicə Ismayılovanın barəsindəki hökmə bağlı beynəlxalq rəyləri; Avropa Ittifaqı ilə Azərbaycan arasında 1999-cu ildən qüvvəyə minmiş münasibətləri, o cümlədən Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində əməkdaşlığı nəzərə alıblar.
 
Qətnamə layihəsini təqdim edirik:
 
***
 
A. Azərbaycanda son bir neçə ildə ümumilikdə insan haqlarının vəziyyəti fasiləsiz olaraq pisləşib. Avropa Qonşuluq Siyasəti proqramı üzrə Fəaliyyət Planının qəbul olunmasına baxmayaraq, QHT-lərə, jurnalistlərə, müstəqil media orqanlarına qarşı repressiya və hədələmələr, müxalif qüvvələr arasında qorxu hissinin yaradılması, hüquq müdafiəçiləri, gənclər, sosial şəbəkə fəallarına münasibətdə hüquq və azadlıqların sistemli şəkildə məhdudlaşdırılması halları artıb.
 
B. Tənqidi fikirlər səsləndirən QHT rəhbərləri, jurnalistlər və digər şəxslər saxta ittihamlarla cinayət təqibinə məruz qalır;
 
C. Tanınmış jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılova prezident Ilham Əliyev və onun ailə üzvlərinin korrupsiyada iştirakı barədə məqalələrindən sonra həbs olundu və sentyabrın 1-də vergidən yayınma, vəzifədən sui-istifadə və s. ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıldı. Bu məhkəmə prosesində iştirak edən beynəlxalq müşahidəçilər məhkəmənin müstəqilliyi, ədalətliyi, həmçinin ittihamların qanuniliyi kimi məsələlərə şübhə altına alıblar;
 
D. Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, dələduzluq, vergidən yayınma ittihamları ilə müvafiq olaraq, 8 il 6 ay və 7 il azadlıqdan məhrum edildilər. Beynəlxalq müşahidəçilər bildirir ki, bu məhkəmə prosesi çoxsaylı qanun pozuntuları ilə keçib, onların həbsi məhz insan haqlarının müdafiəsi sahəsində fəaliyyətlərilə bağlıdır.
 
E. Leyla və Arif Yunusların, eləcə də Intiqam Əliyevin həbsdə saxlanılması onların səhhətində ciddi problemlər yaradıb, hətta həyatları təhlükə qarşısındadır;
 
F. Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun sədri, jurnalist Rasim Əliyev sosial şəbəkədə prezident Əliyevin ünvanına tənqidi fikirlərindən sonra hədə və təhdidlərə məruz qalmışdı. Bundan bir qədər sonra – avqustun 8-də o, yerli futbolçunun tərəfdarları tərəfindən amansızlıqla döyüldü və avqustun 9-da xəstəxanada dünyasını dəyişdi;
 
G. Rasim Əliyev RATI sədri postunu tanınmış hüquq müdafiəçisi, saxta ittihamlarla təqibə məruz qaldığından Isveçrədə siyasi sığınacaq almış Emin Hüseynovdan təhvil almışdı;
 
H. Beynəlxalq ictimaiyyətinin Azərbaycan hökumətinə siyasi məhbusları azad etmək barədə davamlı çağırışlarına baxmayaraq, vətəndaş cəmiyyətinin çoxsaylı tanınmış nümayəndəsi bu gün də həbsxanadadır. Onların arasında Anar Məmmədli, Rəsul Cəfərov, Intiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Tofiq Yaqublu, Ilqar Məmmədov da var. Siyasi məhbusların bir qisminin sağlamlığı mütəmadi şəkildə pisləşir;
 
I. Leyla Yunus və Rəsul Cəfərov həbs olunmamışdan əvvəl ölkədəki siyasi məhbusların siyahısını hazırlayan tanınmış hüquq müdafiəçiləri və ekspertlərdən ibarət qrupa rəhbərlik edirdi;
 
J. Azərbaycanda bir sıra başqa jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları da cinayət təqibinə məruz qalırlar;
 
K. Jurnalistlər və vətəndaş cəmiyyətinin liderləri fasiləsiz şəkildə təhdid və təqib olunur. Məsələn, “Meydan TV”nin direktoru Emin Milli ölümlə hədələnib, ardınca isə qaynı saxta ittihamlarla həbs olunub;
 
L. Azərbaycandakı bir çox jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının hərəkət azadlığı məhdudlaşdırılıb, onların ölkədən çıxışına qadağa qoyulub;
 
M. Azərbaycan Avropa Ittifaqının Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramlarında aktiv iştirak edir, bu proqramlar çərçivəsində Assosiasiya sazişi danışıqlarını davam etdirir, Avronestin üzvüdür. Belə olan halda, bu təşəbbüslərin əsasını təşkil edən demokratiya, insan haqları və qanunun aliliyinə də hörmət etməlidir;
 
N. Azərbaycan Avropa Şurasının üzvüdür, həmçinin Insan Haqları Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edib;
 
O. Lakin Azərbaycan Avropa Konvensiyası ilə bağlı öhdəliklərinə əməl etmir. Məsələn, Avropa Məhkəməsinin REAL sədri Ilqar Məmmədovla bağlı qərarı hələ də icra olunmayıb;
 
P. Venesiya Komissiyasının rəyində göstərilib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə dair qanuna edilmiş son dəyişikliklər qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha da məhdudlaşdırmağa hesablanıb;
 
Q. Bu cür qanunvericiliyin nəticəsi olaraq, Avropa Ittifaqı Azərbaycanda vətəndaş cəmiyyətinin müstəqil qrupları və fəallarını maliyyələşdirməkdə ciddi problemlərlə üzləşir. Avropa Ittifaqı 2014-cü ildə Azərbaycanla bağlı 13 qrant layihəsindən 11-ni maliyyələşdirə bilməyib.
 
R. Azərbaycan hökumətinin qərarı ilə iyulun 4-də ATƏT-in Bakı ofisi qapadıldı;
 
S. “Freedom House” Azərbaycanı “azad olmayan ölkələr” qrupuna aid edir. Bu ölkənin mətbuatı da “azad olmayanlar” kateqoriyasına daxildir, orada yalnız internet “qismən azad” hesab olunur. Azərbaycan son on ildə bütün Avrasiyada demokratiya sahəsində ən çox geriləmiş ölkədir.
 
T. Azərbaycanda noyabrda parlament seçkiləri keçiriləcək.
 
***
 
1. Avropa Parlamenti Azərbaycanı bütün siyasi məhbusları, hüquq müdafiəçilərini, jurnalistləri, vətəndaş cəmiyyətinin digər fəallarını, o cümlədən Xədicə Ismayılova, Leyla və Arif Yunuslar, Anar Məmmədli, Rəsul Cəfərov, Intiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublunu, Ilqar Məmmədovu dərhal və qeyd-şərtsiz azad etməyə; Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə; siyasi məhbusların vətəndaş və siyasi hüquqlarının bərpası üçün onlara qarşı ittihamlara xitam verməyə; lazımi tibbi yardımla təmin etməyə çağırır;
 
2. Avropa Parlamenti vurğulayır ki, insan haqları və əsas azadlıqlara hörmət, qanunun aliliyinə riayət olunması Şərq Tərəfdaşlığı əməkdaşlığın əsas prinsipi, həmçinin Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında öhdəliyidir.
 
3. Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş repressiyaları qəti şəkildə pisləyir; cinayət qanunvericiliyindən ölkədə ifadə, fikir azadlığını məhdudlaşdırmaq məqsədilə sui-istifadə hallarından təəssüfünü ifadə edir; həmçinin Azərbaycan hakimiyyətini məhkəmələrin müstəqilliyini təmin etməyə çağırır;
 
4. Avropa Parlamenti Leyla və Arif Yunusların, Intiqam Əliyevin həbsxanada səhhətində yaranmış ciddi problemlərdən, onların vəziyyətinin pisləşməsinə dair xəbərlərdən narahatlığını ifadə edir; Azərbaycan hakimiyyətini məhbuslara lazımi tibbi yardımın göstərilməsini təmin etməyə çağırır;
 
5. Avropa Parlamenti Azərbaycanda fəalların, jurnalistlərin, müxalifət nümayəndələrinin ailə üzvlərinin hədələnməsi hallarını pisləyir;
 
6. Avropa Parlamenti jurnalist Rasim Əliyevin ölümü ilə bağlı şəffaf araşdırma aparılması, bütün günahkarların müstəqil məhkəmə qarşısına çıxarılması, qanunda nəzərdə tutulmuş şəkildə cəzalandırılmasına çağırır;
 
7. Avropa Parlamenti vurğulayır ki, Azərbaycanın stabilliyi və çiçəklənməsində, ölkədə demokratiyanın inkişafında vətəndaş cəmiyyəti çox vacib rol oynayır. Ona görə də Azərbaycan hökumətini müstəqil vətəndaş cəmiyyətinə qarşı siyasətinə yenidən baxmağa çağırır;
 
8. Avropa Parlamenti Azərbaycan hökumətinə xatırladır ki, əhalinin rifahı, o cümlədən vətəndaş hüquq və azadlıqları sabit iqtisadi artımın vacib komponentləridir;
 
9. Avropa Parlamenti Azərbaycan hakimiyyətini QHT-lərin fəaliyyətinə dair qanunvericliyə yenidən baxmağa, Venesiya Komissiyasının bu barədə tövsiyələrini nəzərə almağa, vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinə şərait yaratmağa çağırır;
 
10. Avropa Parlamenti Azərbaycan hökumətini istər qanunvericilik səviyyəsində, istərsə də praktikada media azadlığına hörmət etməyə, beynəlxalq standartlara uyğun şəkildə ifadə azadlığına şərait yaratmağa çağırır;
 
11. Noyabrda parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün lazımi atmosferin yaradılması, siyasi plüralizm baxımından yuxarıda qeyd olunan problemlərin təcili həlli vacibdir.
 
13. Avropa Parlamenti Avropa Ittifaqı ilə Azərbaycan hökuməti, müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında ciddi, qarşılıqlı hörmətə əsaslanan dialoqun vacibliyini vurğulayır; bir daha o mövqeyini təsdiqləyir ki, Avropa Ittifaqının dəstəyi və Azərbaycanla əməkdaşlıq, o cümlədən strateji tərəfdaşlığın modernləşdirilməsinə dair davam edən danışıqlarda həm də insan haqlarının müdafiəsi, xüsusən media, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları nəzərə alınmalıdır;
 
14. Avropa Parlamenti qeyd edir ki, Azərbaycanla əməkdaşlıq Paktını Avropa Parlamentinin təsdiqləməsi yuxarıda qeyd olunan problemlərin həlli, o cümlədən hüquq müdafiəçiləri və digər siyasi məhbusların azad edilməsi; QHT-lərin fəaliyyətilə bağlı qanunvericiliyə edilmiş mürtəce dəyişikliklərin ləğvi; QHT-lərə, müstəqil mediaya, müxalifət qüvvələrinə, hüquq müdafiəçilərinə, gənclərə, sosial şəbəkə fəallarına qarşı repressiya və təhdidlərə son qoyulmasından sonra mümkündür;
 
15. Avropa Parlamenti Avropa Komissiyasını Azərbaycanda bilavasitə insan haqlarının müdafiəsi, vətəndaş cəmiyyətilə bağlı olmayan proqramların maliyyələşdirilməsi məsələsinə yenidən baxmağa və zərurət yaranarsa, maliyyələşməni dayandırmağa; həmçinin Avropa Ittifaqına üzv dövlətləri vətəndaş cəmiyyəti, təhsil, elmi, tələbə mübadiləsi proqramlarını maliyyələşdirməyə çağırır.
 
16. Avropa Parlamenti Avropa Ittifaqını və üzv dövlətləri Azərbaycandakı müstəqil təşkilatlara güclü siyasi dəstək verməyə, bu ölkədəki repressiyalara son qoyulması üçün məsələni Azərbaycan hökumətilə bütün görüşlərdə, hətta ən yüksək səviyyədə qaldırmağa, siyasi məhbusların azadlığa buraxılmasını tələb etməyə çağırır;
 
17. Avropa Parlamenti Avropa Ittifaqı Şurasını Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı ünvanlı sanksiyaların mümkünlüyü məsələsinə baxmağa çağırır;
 
18. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT-in Bakı ofisinin qapadılmasına dair qərarını ləğv etməyə və bu təşkilatla tam əməkdaşlığa çağırır;
 
19. Avropa Parlamenti qeyd edir ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun müşahidə missiyasının rəylərinə görə, Azərbaycanda indiyədək keçirilən seçkilər azad və ədalətli olmayıb, standartlara cavab verməyib;
 
20. Avropa Parlamenti müxalifət partiyalarının liderlərinin həbsxanaya salındığını, media və jurnalistlərin azad, təhlükəsiz fəaliyyəti üçün şərait olmadığını, ölkədə qorxu mühitinin yaradıldığını nəzərə alaraq, noyabrın 1-də azad və ədalətli seçki keçirilməsi üçün atmosfer olmamasından narahatdır;
 
21. Avropa Parlamenti Avropa Ittifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət Idarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinməyə çağırır. Çünki ölkə hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır və çox ciddi qüsurları olan seçki ortamının legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey olmayacaq.(Azadlıq)

Google+ WhatsApp ok.ru