Hökumətin qəribə proqnozu: 2020-ci ilə kimi neftin qiyməti və hasilat həcmi sabit olacaq

Azərbaycan hökumətinin proqnozuna görə, 2016-2019-cu illərdə neft hasilatı həcmi 40 mln ton həcmində qalacaq, deyə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə günü parlament komitələri tərəfindən 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
 
“Ortamüddətli perspektivdə (2016-2019-cu illərdə - İF-Az) neft hasilatının illik həcmi 40 mln. ton səviyyəsində gözlənilir”, - deyə S.Həsənova bildirib.
 
Onun sözlərinə görə, 2016-cı ildə hasilatın həcmi 40,7 mln. ton səviyyəsində proqnozlaşdırılır.
 
“Ümumilikdə 2016-cı ildə neft sektorunda ÜDM-1,7% azalacaq. Neft sektorunun ÜDM-də xüsusi çəkisi 30%-dən aşağı olacaq”, - deyə S.Həsənova bildirib.
 
Qeyd edək ki, hökumət bu dövrdə neftin illik orta qiymətini $50 hesablayıb.
 
Neft Araşdırmaları Mərkəzində neft hasilatı üzrə hökumətin proqnozunu qiymətləndirərkən qeyd ediblər ki, “ölkə 2015-ci ildən hasilatın ciddi azalması dövrünə daxil olub ”.  2014-cü ildə 41,9 mln ton neft hasil edilib. Bu il real həcm 41,2 mln ton olacaq. Gələn il proqnoz həcmini qorumaq çətin olacaq: hasilat ən yaxşı halda 40,5 mln ton təşkil edəcək. 2017-ci ildə bu göstərici 40 mln ton, 2019-ciu ildə, ehtimal ki, 38 mln ton olacaq, deyə Mərkəzdə “BP-Azerbaijan”ın proqnozuna əsasən bildiriblər.

Google+ WhatsApp ok.ru