İlbəil azalan xarici sərmayələr

İlbəil azalan xarici sərmayələr

"Azadlıq.info" saytında  "Xarici sərmayələr 68% azalıb" sərlövhəli məqalə oxumaq olar.
 
Sayt bu istiqamətdə iqtisadçı-ekspert Nemət Əliyevin fikirlərinə yer verib.
 
N.Əliyev deyir ki, xarici investorlar başını götürüb getməkdə davam edirlər və ölkədəki ağır şərtlər, heç şübhəsiz, xarici investisiyanın da azalmasına təsir göstərir.
 
Ekspertin sözlərinə görə, hakimiyyətin bəyanatlarına baxmayaraq, real rəqəmlər başqa mənzərəni göstərir. "Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev yenə də ölkəmizdə biznes mühitinin yaxşılaşmasından, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılmasından danışıb. Dövlət başçısı, hətta ölkəmizə xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin çoxaldığını, Çinin iri şirkətlərinin Azərbaycana sərmayə qoymaq üçün böyük maraq göstərdiklrini də deyib, Doğrudanmı belədir?".
 
Rəsmi rəqəmlərə istinad edən N.Əliyev deyir ki, 2018-ci ildə xarici sərmayələrin ilk 3 aylıq həcmi 816 milyon dollar, 2019-cu ildə 519 milyon dollar olub: "Deməli, xarici sərmayələr bir ildə 36,4 faiz və ya 297 milyon dollar azalıb.
 
Xarici sərmayələrin son 5 illik dinamikası isə göstərir ki, əcnəbi investorlar ölkəmizə sərmayə qoyuluşunu bir qayda olaraq azaltmaqda davam ediblər. 2015-ci ilin yanvar-mart dövründə ölkəmizə 1,6 milyard dollar sərmayə yatıran xarici investorlar bu göstəricini 2016-cı ildə 1,243 milyard dollara, 2017-ci ildə 1,177 milyard dollara, 2018-ci ildə 816 milyon dollara və nəhayət 2019-cu ildə 519 milyon dollara qədər azaldıb. Göründüyü kimi, xarici investorlar son 4 ildə Azərbaycana sərmayələri 68% azaldıb".
 
Müəllifə görə, bu müqayisələrdən çıxan nəticə odur ki, xarici sərmayə qoyuluşu sahəsində vəziyyət o dərəcədə bərbaddır ki, "Doing Business" hesabatında Azərbaycanın ən islahatçı 10 ölkə sırasında yer alması da xarici investorların ölkəyə neqativ münasibətini dəyişə bilmir.
 
Çinin iri şirkətlərinin Azərbaycana maraq göstərməsinə gəlincə, müəllif deyir ki, bu ilin ilk üç ayında xarici investisiyaların 91%-i (471 milyon dolları) İngilətərə, Türkiyə, İsveçrə, ABŞ, Malayziya, Yaponiya, Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına aid olub və ilk 10-luqda Çinin yeri yoxdur. "Odur ki, Çin sərmayədarları Azərbaycana sərmayə qoyuşunda iştirak edirsə də, iştirak payı elə də diqqət çəkən deyil. Deməli, Neft Fondunun 2015-ci ildə Çinin istiqraz bazarlarına 500 milyon dollar həcmində yatırım etməsi Çin investorlarında Azərbaycana ciddi maraq yarada bilməyib. Beləliklə, bir daha təsdiqlənir ki, halva-halva deməklə ağız şirin olmur".
 
Müəllif vurğulayır ki, ölkənin sosial-iqtisadi mənzərəsinə yaxından bələd olan xarici sərmayədarlar şifahi sözə yox, real şəraitə istinad edirlər və hazırkı qeyri-adekvat şərait dəyişən kimi xarici sərmayədarlar ölkəmizə üz tutacaqlar, bunun üçün isə gerçək və köklü islahatlara ehtiyac var.
 

Google+ WhatsApp ok.ru