Ölkəyə avtomobil gətirənlərdən əlavə sənədlər tələb olunacaq

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrini Azərbaycana müvəqqəti gətirən fiziki şəxslərə müraciət edib.
 
DGK-dan Maide.az-a verilən məlumata görə, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan ərazisinə müvəqqəti gətirilən və “Evro-4” ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-nin 8703 və 8711 mal mövqelərinə aid edilən) geri qaytarılma müddətlərinə riayət edilməməsi hallarının artması ilə əlaqədar komitə tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.
 
Bununla əlaqədar bu ilin avqustun 16-dan etibarən “Evro-4” ekoloji standartının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-nin 8703 və 8711 mal mövqelərinə aid edilən) müvəqqəti gətirilməsi zamanı sərhəd gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaq.
 
Məlumatda deyilir ki, avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların  çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi, və ya müvəqqəti  gətirilmə proseduru üçün maliyyə təminatı, və ya Azərbaycan Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq.

Google+ WhatsApp ok.ru