Ölkə iqtisadiyyatı fəlakətli həddə; Rəsmi rəqəmlər hökumətin iddialarını alt-üst etdi

Azərbaycan hakimiyyətinin inkişafdan danışmasına baxmayaraq rəsmi rəqəmlər bunun əksini göstərir. Bu rəqəmlər ölkə iqtisadiyyatının fəlakətli həddə olduğunu göstərir. Məsələn, aydın olur ki, Azərbaycan neft satışından gəlirlər 8 milyard dollar azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin ilk 9 ayı ərzində gömrük bəyannamələri əsasında 6 milyard 814 milyon 606 min dollarlıq xam neft ixrac edib. Bu, 2014-cü ilin ilk 9 ayı ilə müqayisədə 54,1 faiz və ya 8 milyard 3 milyon 794 min dollar azdır.
 
Bundan başqa Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 14,082 milyard ABŞ dolları olub. Məlumatların müqayisəsi göstərir ki, ölkənin xarici ticarət dövriyyəsi bu ilin 8 ayında 10 milyard dollar (36 faizdən çox) azalaraq 27,6 milyard dollardan 17,6 milyard dollara qədər düşüb. Ixrac isə 47 faizə qədər və ya 10,3 milyard dollar azalıb.
 
Bu faktlar hakimiyyət nümayəndələrinin iqtisadi inkişaf barədə iddialarını alt-üst edir.
 
Əslində hökumət də baş verənlərin fərqindədir. Ona görə də büdcəni doldurmaq üçün vergiləri artırmaq düşünülür. Vergilər naziri Fazil Məmmədov dünən Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında “Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, vergi cərimələrinin artırılması təklif olunur. Onun sözlərinə görə, təqvim ili ərzində vergi hüquqpozulmasına birinci dəfə yol verildikdə 400 manat məbləğində maliyyə sanskiyası tətbiq olunurdusa, dəyişikliklə bu məbləğ 2000 manat olacaq: “Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4000 manatdək cərimə olunması təklif edilir. Belə hüquqpozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1200 manatdan 6000 manat məbləğinə qədər qaldırılması təklif olunur”.
 
Həmçinin bəlli olub ki, yeni layihədə sadələşdirilmiş verginin də artırılması nəzərdə tutulur. Məcəllənin 220-ci maddəsində dəyişikliklərə əsasən, ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini dövriyyənin 6 faizi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə dövriyyənin 8 faizi səviyyəsində müəyyən etmək təklif olunur.(azadlıq)

Google+ WhatsApp ok.ru