Məmurlar dövlət büdcəsi hesabına yüksək gəliri necə əldə edirlər?

Bir çox ölkələrdə iri dövlət layihələri tenderlər vasitəsi ilə həyata keçirilir. Belə ki, müxtəlif layihələrin reallaşdırılması üçün ayrı-ayrı şirkətlər arasında tenderlər elan olunur. Həmin tenderdə qalib gələn istər yerli, istərsə də xarici şirkətlər həmin layihələrin gerçəkləşdirilməsinə start verir. Təbii ki, dövlət tərəfindən elan olunan tenderlərdə qalib gələn şirkətlərə layihələri həyata keçirmək üçün büdcədən vəsait ayrılır.  Azərbaycanda da iri layihələr əsasən tenderlər vasitəsi ilə reallaşır.
 
Bəs görəsən ölkədə tenderlərin fəaliyyət mexanizmi necə tənzimlənir? Ümumiyyətlə şəffaflıq məsələlərinə riayət olunurmu?
 
İslaminSesi mövzunu tanınmış iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib. Ekspert bildirib ki, Azərbaycanda tenderlərin həyata keçirilməsi 2011-ci ildən sonra demək olar ki, tamamilə formal xarakter daşıyır: “Çünki Avroviziya mahnı müsabiqəsi ərəfəsi Nazirlər Kabineti işləri sürtətləndirmək üçün qərar qəbul etdi. Bundan sonra bəzən tenderlər olmadan belə dövlət qurumları satınalmalar və yaxud maliyyə müqavilələri bağlamaq səlahiyyətləri qazandılar . Bunu işlərin sürətləndirilməsi ilə əsaslandırdılar. Məhz bundan sonra tenderlər yaddan çıxdı və ya formal hal almağa başladı. Bir çox hallarda dövlət qurumları, nazirliklər və digər strukturlar tender elan etmədən belə müqavilələr bağlayaraq özlərinə yaxın olan iri şirkətləri bu prosesə cəlb edirlər. Bu da əlbəttə ki, rəqabət mühitinə ciddi zərbə vurur,  həm də qanunvericilikdə nəzərdə tutulan müddəaların pozulması ilə nəticələnir. Çünki ölkə qanunvericiliyinə görə, 50 min manatdan yuxarı olan dövlət satınalmaları yaxud layihələr mütləq tenderdən keçməlidir. Lakin təəssüflər olsun ki, son 4-5 ildə tenderlərin keçirilməsi ya dayandırılıb, ya da formal hal alıb.  Nazirliklər, dövlət idarələri istədikləri şirkətlərlə ( çox zaman özlərinə yaxın və ya yüksək rütbəli məmurun birbaşa nəzarətində olan) müqavilə bağlayaraq dövlət büdcəsi hesabına yüksək gəlir əldə edirlər”.
 
Natiq cəfərli xarici təcrübədə tenderlərin hansı yollarla keçirildiyini də izah edib: “ Qonşu Türkiyədə tenderlər televiziyalar vasitəsi ilə canlı yayımlanır.  Canlı yayımda bütün şirkətlər öz zərflərini açaraq təkliflərini irəli sürürlər. Burada öncə sövdələşmək mümkünsüzləşir. Çünki bütün şirkətlər öz zərfləri ilə masa ətrafında əyləşirlər. Tender keçirdən qurum isə canlı yayımda, kameraların qarşısında növbə ilə zərfləri açaraq ən yaxşı təklif verən iki şirkəti finala saxlayır. Finalda da yenə canlı yayımda təkliflər səslənir. Ən yaxşı təkliflə çıxış edən şirkət sonda qalib elan olunur. Azərbaycanda isə nəinki canlı yayımda, heç qəzet səhifələrində belə tenderlərlə bağlı doğru-dürüst məlumat əldə etmək mümkün deyil”.
 

Google+ WhatsApp ok.ru