Mərkəzi Bank bankların xərcini artırdı

Mərkəzi Bank bankların xərcini artırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) banklara 50 və 100 manat dəyərində əskinasların verilməsi üzrə tarifləri artırıb. Bunu «Trend» informasiya agentliyinə ölkədə bank sektoruna yaxın mənbə məlumat verib. Məlumata görə, uyğun qərarla bağlı məktub bütün banklara göndərilib.
 
Məlumatda deyilir: «AMB banklara 50 və 100 manat dəyərində əskinasların verilməsi tariflərini 0.05 faizdən 0.1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevralından qüvvəyə minəcək. Eyni zamanda, gün ərzində bütün əskinaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0.05 faizdən 0.1 faizədək artırılıb».
 
Yəni, əgər indiyə kimi AMB banklara verdiyi hər 50 manatdan 2.5 qəpik, hər 100 manatdan isə 5 qəpik tuturdusa, bundan sonra uyğun olaraq 5 və 10 qəpik tutacaq. Gün ərzində həmin bank AMB-dən yenə nağd pul istəsə, eyni xərac digər əskinaslara (1, 5 və 20 manat) görə də tutulacaq.
 
«BU, XALQIMIZA BAHA BAŞA GƏLDİ»
 
Bank məsələləri eksperti Əkrəm Həsənova görə, bununla da bank sisteminin xərcləri yenə artır: «AMB banklara nağd pulu daha baha verəcəksə, deməli, banklar da müştərilərindən nağd əməliyyatlar üzrə tutduğu komisyon haqqını artıracaq. Xatırladıram ki, indiyədək AMB-nin başının pul qazanmağa qarışması xalqımıza baha başa gəldi. O, banklardan qazanırdı, banklar da əhalidən. Halbuki, AMB haqqında qanunun 4.3-cü maddəsinə əsasən, mənfəət götürmək onun əsas məqsədi deyil».
 
Ekspert deyir ki, məsələnin sosial-iqtisadi aspekti ilə yanaşı, hüquqi tərəfi də çox önəmlidir: «Belə ki, AMB-nin, ümumiyyətlə, belə tariflər müəyyənləşdirmək səlahiyyəti yoxdur. AMB haqqında qanunun nə nağd pul tədavülünün təşkilinə, nə İdarə Heyətinin səlahiyyətlərinə dair müddəalarında, nə də hər hansı digər hissəsində baş bankın verdiyi kreditlər üzrə faizdən başqa haqq tutmağa ixtiyarı yoxdur. Başqa sözlə, AMB-nin İdarə Heyəti özbaşınalıq edərək sözügedən tarifləri müəyyən edib tutur».
 

Google+ WhatsApp ok.ru