Manatla ticarət imkanı

Manatla ticarət imkanı

-- Azərbaycan milli valyuta ilə haqq-hesab aparmağa hazır deyil

«Exo» qəzetində «Azərbaycan milli valyuta ilə haqq-hesab aparmağa hazır deyil» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda Azərbaycanın öz ticarətini milli valyuta ilə aparması imkanı iqtisadçı ekspert Fuad Əlizadə ilə müzakirə edilib.
 
F.Əlizadə hesab edir ki, Azərbaycandan ötrü optimal variant haqq-hesabların ABŞ dolları ilə aparılmasındadır. Onun fikrincə, bu, ticarət tərəfdaşlarının valyutalarında az-çox sabitlik yaranana qədər davam etməlidir: «Dünya ticarəti, əsasən, ABŞ dolları ilə aparılır. Hazırda isə bir çox ölkələr 10 illərlə davam edən dollar asılılığından xilas olmaq istəyirlər. Bu da «dollarsızlaşdırma» deməkdir. İkitərəfli əlaqələrdə haqq-hesabların milli valyutalarda aparılması ilə bağlı danışıqlar son 2-3 ildə aktuallaşıb. Burada Çinin, Rusiyanın, Hindistanın, İranın, Türkiyənin adlarını çəkmək olar. Azərbaycanda da bu haqda danışırlar...».
 
F.Əlizadə vurğulayıb ki, ABŞ-ın sanksiyalarının genişlənməsi səbəbindən bu mövzu da getdikcə bəzi ölkələrdə aktuallığını artırmaqdadır: «Bir tərəfdən bu, yaxşıdır. Belə ki, ikiqat konvertasiya olmadığı (bir valyutadan dollara çevirmə, daha sonra dollardan başqa bir valyutaya çevirmə) üçün qənaət etməyə imkan verir. Digər tərəfdən isə milli valyuta daim dəyişkənlik yaşayacaq».
 
F.Əlizadə vurğulayır ki, son vaxtlar Türkiyə ticarət əlaqələrində lirə ilə hesablamaların aparılmasının payını artırıb. Amma F.Əlizadə bu məsələdə bəzi xəbərdarlıqları da gərəkli sayır: «Son illərdə dollara nisbətdə Azərbaycan manatı sabit qalıbsa, türk lirəsi əksinə, əhəmiyyətli dərəcədə dəyər itirib. Milli valyutalarla haqq-hesab aparmağa keçdikdə Azərbaycanın belə də itkiyə məruz qalması mümkündür. Hesab edirəm ki, buna keçid hələ tezdir».
 

Google+ WhatsApp ok.ru