Manatın ucuzlaşması oliqarxları üz-üzə qoyub

Dövlətin infrastruktur layihələrini həyata keçirən şirkətlərlə tikinti materiallarının satışı ilə məşğul olanlar arasında qarşıdurma yaranıb. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, qarşıdurmanın kökündə şirkətlərin borcu dayanır. “Bu əslində hakimiyyətdəki oliqarxlar arasında qarşıdurma kimi dəyərləndirilməlidir.
 
Çünki həm şirkətlər, həm də inşaat materiallarının satışı ayrı-ayrı oliqarxların nəzarətindədir. Və burada şirkətlərin borclarını ödəmək istəmədiyindən getmir. Əksinə onlar borcu ödəmək niyyətindədirlər. Amma tikinti materiallarının satışını həyata keçirənlər ödənişdə manatın devalvasiyasının da nəzərə alınmasını tələb edirlər. Onlar arqument gətirir ki, malları xaricdən dollarla alıblar. Lakin şirkətlər bununla razılaşmır. Onlar malları manatla aldıqlarını və borcun da manatla yarandığını deyirlər”, - deyə mənbə qəzetimizə bildirib.
 
Məlumata görə, bu qarşıdurma artıq Prezident Administrasiyası səviyyəsində müzakirəyə çevrilib. Lakin hələlik tərəflərdən kimin haqlı olması barədə qərar verilməyib. 
Başqa bir problem isə banklarla yaranıb. Hakimiyyət manatın devalvasiyasından sonra bankların kredit verilişini dayandırmasını məqsədəuyğun saymayıb.
 
anklardan tələb olunub ki, kredit verməyi davam etsinlər. Lakin banklar indiki vəziyyətidə kredit verilişinin onların maraqlarına uyğun olmadığını bildirib. “Məsələ burasındadır ki, əmanətlərə görə illik 12 faiz ödəyirlər. Kreditlər isə təxminən 30 faizlə verilir. Bankların əldə etdiyi 18 faizi xalis gəlir hesab etmək doğru olmazdı. Çünki bura vergi və s. xərclər daxildir. Hesablamalara görə, banklar kreditlərdən təxminən 10-15 faiz gəlir götürür. Amma manatın ucuzlaşmasından sonra ölkədə 20 faizə qədər inflyasiyanın olacağı gözlənilir. Banklar da məhz inflyasiya riskini əsas gətirərək kredit verməkdən imtina edirlər. Banklar ortaq variant kimi kredit müqavilələrində inflyasiya riskinin nəzərə alınması şərtini irəli sürürlər. Əslində bu da çıxış yolu deyil. Çünki bu halda kredit götürənlərin sayı əhəmiyyətli dərəcədə azalacaq. Beləliklə, bu məsələ də hələ ki, müzakirə mövzusudur. Bankların da oliqarxlara məxsus olması hökuməti çətin vəziyyətə salıb”.

Google+ WhatsApp ok.ru