Milli Şura mayın 17-nə mitinq təyin etdi

Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirələr zamanı Milli Şuranın mayın 3-də saat 15.00-da "Məhsul" stadionunda mitinq keçirmək istəyinə Bakı şəhər İcra Hakimiyyətinin qanuna zidd şəkildə razılıq verməməsi bir daha pislənilib. Həmçinin bununla əlaqədar məhkəməyə müraciət etməklə yanaşı, Milli Şura adından açıqlama da yayılıb.
 
Açıqlamada bildirilir ki, Milli Şuranın mayın 3-də saat 15.00-dan 17.00-dək "Talana son!" tələbilə keçirmək istədiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti həmin gün eyni saatda o ünvanda başqa bir önəmli tədbirin olacağını əsas gətirərək, razılıq verməyib və aksiyanın 2 mayda keçirilməsini təklif edib: "Maraqlıdır ki, hakimiyyət mitinqin keçirilməsi ilə bağlı təklif etdiyi vaxta qanunvericiliyin tələblərinə zidd olaraq, bir iş günü qalmış cavab verib. Bu isə praktiki olaraq həmin günə Milli Şuranın mitinq keçirməsini mümkünsüz etdi. Sonrakı günlərdə aparılan araşdırmalar göstərdi ki, 3 mayda "Məhsul" stadionunda ümumiyyətlə, hər hansı tədbir keçirilmədi. Mitinqə icazə verilməməsi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə zidd olmaqla hakimiyyətin Milli Şuraya qarşı həyata keçirdiyi məkrli planın davamı və tərkib hissəsi olduğunu göstərdi.
 
Demokratik Qüvvələrin Milli Şurası bir daha vətəndaşların fəaliyyət imkanlarının məhdudlaşdırılması, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinin pozulmasını qətiyyətlə pisləyir, hakimiyyətdən bu kimi halların qarşısının alınması, ictimai-siyasi qurumların ifadə azadlığının təmin olunması, müxtəlif etiraz aksiyalarının keçirilməsinə şərait yaradılmasını tələb edir".
 
Koordinasiya Mərkəzinin toplantısında tanınmış araşdırmaçı jurnalist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın həbsində "zərərçəkən" kimi tanınan Tural Mustafayevin yaydığı video-müraciətə də toxunulub. Tural Mustafayevin sözügedən video-müraciətdə səmimi etiraflarda bulunması təqdir edilsə də, onun hüquq mühafizə orqanlarının, bəzi vəzifəli şəxslərin təhkiri və təhdidi ilə məcburi şəkildə şikayətçi olması, hakimiyyətin dövlətin resursları ilə böhtan ataraq öz vətəndaşını şərləyib həbs etməsi, başqa insanları şantaj altında bu məsələdə vasitəçiyə çevirməsi kəskin pislənilib.
 
İclasda həmçinin AXCP fəalı Fuad Əhmədlinin naməlum şəkildə oğurlanması və 9 gündür ki, girov saxlanması, eyni zamanda, Müsavat partiyası başqanının müavini Fərəc Kərimliyə siyasi sifarişlə 6 il yarım həbs cəzası verilməsi pislənili. Hər iki qanunsuz hadisə ilə bağlı etiraz bəyanatının qəbul edilməsi qərara alınıb.
 
Koordinasiya Mərkəzinin toplantısında siyasi məhbusların hüquqlarının müdafiəsi işinin gücləndirilməsi və Azərbaycanda siyasi məhbus probleminə dair ictimai dinləmənin keçirilməsi də qərara alınıb.
 
Toplantı iştirakçıları müzakirələrin nəticəsi olaraq, Milli Şuranın mayın 17-də "Məhsul" stadionunda "Talana son!" tələbilə mitinq keçirməsi və bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsinə qərar verib.

Google+ WhatsApp ok.ru