İqtidar məşhur dustaqları azad etməyə hazırlaşır

Avropa Oyunları ərəfəsi hakimiyyətin xoşməramlı jesti; Tofiq Yaqublunun, REAL həmsədri İlqar Məmmədovun, NİDA-çıların və QHT rəhbərlərinin azadlığa buraxılacağı deyilir; Yunusların, Rauf Mirqədirovla Xədicə İsmayıl barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi də gündəmdədir 

 

İqtidar bu ayın sonunadək siyasi baxışlarına görə həbs edilən, beynəlxalq təşkilatların vicdan məhbusu elan etdikləri dustaqları azad etməyə qərar verib. Bu sensasion məlumatı redaksiyamıza verən mənbənin dediyinə görə, hakimiyyət Avropa Oyunları ərəfəsi bu addımı atmaqla böyük idman bayramını siyasiləşdirmək cəhdlərinin qarşısını almaq istəyindədir.
 
Çünki beynəlxalq hüquq-müdafiə təşkilatları Avropa Oyunları yaxınlaşdıqca siyasi dustaqlar məsələsindən iqtidara qarşı ciddi əks-təbliğat kimi istifadə edirlər ki, bu da istər-istəməz yarışların xoş ovqatını korlaya bilər. 
 
Doğrudur, hakimiyyət təmsilçiləri qeyd edirlər ki, ölkədə siyasi baxışları, yaxud fikrini ifadə etdiyinə görə heç kim həbs edilməyib və hazırda azadlıqdan məhrum edilmiş bəzi ictimai fəal şəxslər isə yalnız konkret törətdikləri əməllərə görə cəzalandırılıblar. Ölkə başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb ki, heç kim Azərbaycanla şərtlə, təzyiq dilində danışa bilməz. Ölkədə hər hansı bir problem varsa, o ölkə daxilində müzakirələrlə həllini tapa bilər. 
 
 
Yeri gəlmişkən, aprelin 24-də İrəvandan Bakıya gələn Fransa prezidenti Fransua Olland  Leyla Yunusla bağlı məsələni yenidən gündəmə gətirmişdi. Fransanın “Radio France İnternational” (RFİ) radiostansiyası da təsdiqləmişdi ki, Leyla Yunusla bağlı mövzu qaldırılıb. “Lakin Fransa Respublikasının rəhbəri növbəti dəfə Azərbaycan hakimiyyətindən belə cavab eşitdi ki, məhkəmələr müstəqildir, onların qərarına müdaxilə edilməsi mümkün deyil və ölkədə siyasi məhbuslar yoxdur”, deyə, RFİ bildirib. 
 
 
İctimai fəal Bəxtiyar Hacıyevlə bağlı hətta o zaman ABŞ dövlət katibi vəzifəsini tutan Hillari Klinton, eləcə də bir neçə konqresmen müraciət etsə də, yalnız onun özü prezidentə müraciət etdikdən sonra Ali Məhkəmə onun şərti azadlığa buraxılması barədə qərar vermişdi. Bu faktlar da bir daha göstərir ki, iqtidar siyasi dustaq məsələsində “xarici faktora” olduqca neqativ yanaşır və bu kimi tələb və xahişləri adətən qəbul etmir. Əgər mənbəmizin bu barədə israrlı xəbəri doğrudursa, bu həm də o anlama gəlir ki, iqtidar yalnız özü lazım bildikdə kimlərin azadlığa buraxılacağına qərar verir.
 
 
Xəbərlərə görə, İsmayıllı işinə görə həbs olunan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, REAL həmsədri İlqar Məmmədovun, NİDA-çıların, QHT rəhbərlərinin azadlığa buraxılacağı gözlənilir. O cümlədən işləri hələ istintaqda olan Yunusların, Rauf Mirqədirovla Xədicə İsmayılın barəsində də həbs-qətimkan tədbirinin dəyişdirilməsi, yalnız onlardan hansısa birinin istisnası ilə,  gündəmdədir. Xatırladaq ki, mart ayında imzalanan əfv sərəncamı ilə vicdan məhbusları Bəşir Süleymanlı (Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru), ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və NİDA üzvü Orxan Əyyubzadə azadlığa buraxılıblar.
 
Xatırladaq ki, yuxarıda adları sadalan məhbusların bir çoxunun azadlığa buraxılması üçün onların adından əfv müraciətləri də var.

Google+ WhatsApp ok.ru