Milli Şura və Müsavat Partiyası mitinqə hazırlaşır

Noyabrın 1-i ölkədə parlament seçkiləri keçiriləcək. İmza toplama kampaniyası, namizədlərin qeydə alınması prosesi davam edir. Seçki öncəsi müxalifət partiyalarının mitinq keçirmək planı varmı?
 
Modern.az saytı məsələ ilə bağlı Müsavat Partiyası və Milli Şuranın mövqeyini öyrənib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı mitinq planlarının olduğunu deyib. “Parlament seçkiləri öncəsi Müsavat Partiyasının mitinq keçirmək planı var. Sadəcə olaraq oktyabrın 9-na qədər gözləmək məcburiyyətindəyik. Çünki seçki kampaniyasının təbliğat dövrü məhz həmin tarixdə başlayır. O vaxta qədər isə biz imzaların toplanması, təhvil verilməsi, namizədlərin qeydə alınması, şikayətlərin verilməsi ilə məşğuluq. Mitinq keçirməyi oktyabrın 9-31-i arasında planlaşdırırıq”.    
 
 Milli Şura üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da mitinq keçirməyin qaçılmaz olduğunu deyib:   “AXCP-nin qurultayı yenicə başa çatıb. Mitinq keçirmək məsələsi Milli Şuradakı müttəfiqlərimizlə birgə müzakirə olunacaq. Seçki keçirilib-keçirilməyəcəyindən asılı olmayaraq,  AXCP ölkədəki mövcud vəziyyətlə bağlı kütləvi aksiyalar keçirir. Ona görə də böyük ehtimalla seçki öncəsi mitinq keçirməyə qərar veriləcək”.

Google+ WhatsApp ok.ru