Müsavatçılar istefa verdi

Müsavat Partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib.
 
Maide.az-ın APA-ya istinadən məlumatına görə, təşkilat üzvləri partiyanın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar görmələrinə baxmayaq, fəal rayon təşkilatlarından biri olduqlarını qeyd ediblər:
 
“Amma qurultay ərəfəsində və qurultaydan sonra təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması, həmin kəsimlərlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra endirir”.
 
Bölgə təşkilatı buna görə də bütün müsavatçılardan üzr istəyərək, Tovuz rayon təşkilatının tam tərkibdə partiya üzvlüyündən istefa verdiyini bəyan edib.
 
Müsavat Partiyasının Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirli faktı təsdiqləyib. Onun sözlərinə görə, onları bu addımı atmağa Müsavat Partiyasının qurultayı ərəfəsində yaşananlar, qurultayda baş verənlər və qurultaydan sonrakı proseslər vadar edib: “Şura üzvləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, mən artıq partiya üzvü deyiləm. Amma Müsavat ideyalarının daşıyıcısı kimi bu addımı təəssüflə atıram”.

Google+ WhatsApp ok.ru