Hakimiyyət İlqar Məmmədovu azad edəcəkmi?

Vəkil hökumətin Avropa Məhkəməsinin qərarını üç ay ərzində icra etməli olduğunu, REAL rəsmisi isə hər şey gözlənildiyini deyir

Avropa Məhkəməsinin REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qərarı qüvvəyə minib. Bu barədə vəkili Fuad Ağayev "Turan"a bildirib. Onun sözlərinə görə, avqustun 8-də Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı 22 may tarixli qərarından Avropa Məhkəməsinin Böyük Palatasına müraciət edib. 
 
***
 
“Dünən Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq 5 hakimdən ibarət kollegiya Azərbaycan hökumətinin müraciətinin Böyük Palatanın baxışına verilib-verilməməsi məsələsinə baxıb. Kollegiya qərara gəlib ki, müraciətin Böyük Palatanın baxışına verilməsinə heç bir əsas yoxdur. Bu isə Avropa Məhkəməsinin 22 may tarixli qərarını qəti edib və qərar qüvvəyə minib”, deyə vəkil qeyd edib.
 
Vəkil bildirib ki, Azərbaycan hökuməti üç ay müddətində Avropa Məhkəməsinin qərarından irəli gələn hərəkətləri etməlidir.
 
“Mən qərarın maddi tərəfinə toxunmuram. Hesab edirəm ki, bu, heç də ən əhəmiyyətli məsələ deyil. Ən əhəmiyyətli məsələ odur ki, İlqar Məmmədov barədə Avropa Məhkəməsinin qərarında göstərilib ki, 2013-cü ilin fevralından başlayaraq məhkəməyə qədər olan müddətdə onun həbsdə saxlanılması tamamilə qanunsuz olub. 
Məhkəmənin qərarında göstərilir ki, Məmmədovun həbs ediləndə istinad edilən hərəkətlərdə, yəni kütləvi iğtişaşları törətməkdə, polisə qarşı zorakılıq etməkdə və sair əməllərdə təqsirləndirilməsi və şübhəli bilinməsi üçün kifayət qədər əsas olmayıb. 
Buna görə də Nəsimi Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının İlqar Məmmədov barəsində qəbul etdiyi qərarların hamısı Avropa Məhkəməsi tərəfindən qeyri-hüquqi sayılıb".
 
***
F.Ağayev hesab edir ki, yuxarıda sadalananlar əsasında Azərbaycan Ali Məhkəməsinin, onun sədri Ramiz Rzayevin borcudur ki, həmin məhkəmə qərarlarına yenidən baxıb, onları ləğv etsin: “Avropa Məhkəməsinin qərarında göstərilir ki, İlqar Məmmədovun həbsi üçün əsaslı şübhə olmayıb. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, vətəndaşın istintaq dövründə həbs edilməsi üçün tələblər daha aşağıdır, nəinki onun məhkum olunması üçün tələblər. 
 
Yəni Məmmədovun İsmayıllı şəhərinə gəlməsi, tanımadığı adamları başına yığması, onları idarə etməsi, guya onları hakimiyyətə qarşı yönəltməsi, kütləvi iğtişaş törətməsi əsası olmayan ittihamlardır. Onun qısa müddətdə, yəni dəqiqələr ərzində liderə çevrilməsi mümkün deyildi. 
 
Eyni zamanda İlqar Məmmədov başqa vaxtlar İsmayıllıya gəlməmişdi və o, şəhərə gələn vaxt hər hansı iğtişaş olmayıb. İcra hakimiyyəti başçısı Məmmədov şəhərə gələn vaxt jurnalistlərə deyib ki, bundan sonra İsmayıllıda heç bir hadisə baş verə bilməz, artıq hər şey arxada qalıb".
 
Vəkil bununla yanaşı, deyib ki, məhkəmə qərarının və istintaqın ittihamlarının əleyhinə olan videomateriallar da ortadadır:
 
“Məhkəmədə İlqar Məmmədovun olduğu yerdə olan "Unibank"ın bankomatının videomateriallarına da baxılıb və birmənalı görünür ki, İlqar Məmmədov İsmayıllıda olduğu vaxtda hər hansı hadisə baş verməyib. Hesab edirəm ki, Azərbaycan hökuməti hüquqi öhdəliklərinə sədaqətlə yanaşırsa, Məmmədov tez bir zamanda həbsdən azad edilməlidir”.  
 
***
REAL Hərəkatının icra katibi Natiq Cəfərli ümid edir ki, hökumət Azərbaycanın qoşulduğu konvensiyalara əməl edəcək. Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarı olduğu halda azadlığa buraxılmayan siyasi məhbuslar var:
 
“Biz ümid edirik ki, bu praktika təkrarlanmasın. Onsuz da beynəlxalq imici erroziyaya uğramış Azərbaycanın dünyadakı mövqeyinin yumşalması üçün bu qərar icra olunmalıdır. Artıq üç müddətində İlqar Məmmədov azad edilməlidir. Sadəcə, praktikada belə hallar var. Azərbaycan hökuməti qoşulduğu konvensiyaları belə pozub. Ona görə də hər şey ola bilər”.
Qeyd edək ki, Azərbaycan nümunəsində sabiq nazirlərlə bağlı belə hal olub. Sabiq səhiyyə naziri Əli İnsanov və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev barəsində Avropa Məhkəməsinin qərarı olsa da, icra olunmayıb. F.Əliyev prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb. Ə.İnsanov isə hazırda həbsdə saxlanır. 

Google+ WhatsApp ok.ru