Naxçıvanda müxalifətçi yoxa çıxıb

Naxçıvanda AXCP Culfa rayon təşkilatının fəalı Hicran Qasımovun 4 gündür yoxa çıxdığı bildirilir. Partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatı sədri Yaşar Bağırsoy AzadlıqRadiosuna bildirib ki, onun həbs olunduğunu güman edirlər:
 
«Noyabrın 3-dən yoxa çıxıb. Ailəsinin də harada olması haqda məlumatı yoxdu. Şaiyələrə görə, Naxçıvan MR DİN-də saxlanılır. Ancaq bu haqda rəsmi məlumat vermirlər. Hicran bəy sakit adam idi. Taksi sürücüsü idi. Sonuncu prezident seçkilərində fəallıq edirdi. Son günlər izləndiyi haqda bir neçə dəfə mənə demişdi. Hesab edirik ki, baş verənlər onun siyasi fəaliyyəti ilə bağlıdır».
 
Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

Google+ WhatsApp ok.ru