Nazirdən sərt tələb

Elmar Məmmədyarov: Ermənistan tərəfindən işğalın davam etdirilməsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadəni qeyri-mümkün edir

“Avropa qitəsində sabitlik və əmin-amanlıq daha yaxın əməkdaşlığın əsas ilkin şərtləridir. Azərbaycan Avropa ittifaqı ilə ikitərəfli əməkdaşlığa üstünlük verərək, Şərq Tərəfdaşlığının təsis olunmasından etibarən çoxtərəfli formatda əməkdaşlıq edib. Lakin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunu əhatə edən ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi Şərq Tərəfdaşlığının yaratdığı çoxtərəfli çərçivəsindən tam olaraq istifadəni qeyri-mümkün edir”. Azərbaycan XİN mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə  çıxışı zamanı bildirib.
 
Elmar Məmmədyarov qeyd edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə tam nəzarət edərək, mövcud status-kvonun saxlanılmasına və bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq fait accompli praktikasını tətbiq etməyə səylər göstərir. Onun sözlərinə görə, bu fəaliyyətlərlə bağlı Avropa Birliyinin sanksiya və digər cəza tədbirlərinə gəlincə, Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır.
 
“Hesab edirik ki, Avropa Birliyi ilə dialoqumuzda ikitərəfli çərçivə prioritet olaraq qalmalıdır. Hər bir Şərq Tərəfdaşı dövlətinin fərqlənməsi, özünəməxsusluğu və inkişaf tempi və islahat gündəliyi olduğuna görə bu yanaşma saxlanılmalıdır”, deyə Azərbaycan XİN rəhbəri qeyd edib. 
 
Nazir onu da qeyd edib ki, Şərq Tərəfdaşları Avropa Birliyi ilə əməkdaşlıq səviyyələrini müəyyən edərkən heç bir təzyiq hiss etməməlidirlər: “Əksinə, özünü fərqləndirmədə stimul əsaslı yanaşma tətbiq olunmalıdır. Qarşılıqlı məsuliyyət fərdi tərəfdaşların ehtiyacları, istəkləri və imkanları arasında daha yaxşı əlaqənin təmin edilməsi üçün hər iki tərəfə imkan verəcək”.
 
Avropa Birliyi-Azərbaycan əlaqələrinin gələcək perspektivlərinə gəldikdə isə Elmar Məmmədyarov Azərbaycanın qarşılıqlı maraqlara və ortaq prioritetlər əsasında hüquqi öhdəlik doğuran strateji xarakterli sənəd üzərində çalışmağa hazır olduğunu qeyd edib. 

Google+ WhatsApp ok.ru