Neft Fondu daşınmaz əmlakda da itirir

Azərbaycanın puluna 3 il əvvəl 133 milyon dollara alınan “Qalereya Aktyor” ofis ticarət mərkəzi indi 88,6 milyon dollara düşüb

Tanınmış iqtisadçı Qubad Ibadoğlu Azərbaycan Dövlət Neft Fondunun itkilərini təhlil edib. Ekspert bu haqda fikirlərini “facebook” səhifəsində paylaşıb: “2014-cü ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən, Neft Fondunun investisiya portfelinin 87,5 faizi sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 6,5 faizi səhmlər, 2,9 faizi qızıl, 3,1 faizi isə daşınmaz əmlak investisiyalarından ibarət olub. Ötən il Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə edilən gəlirləri 493,7 milyon dollar təşkil edib. Nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub. Bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb.
 
Bunun başlıca səbəblərindən biri də Dövlət Neft Fondunun daşınmaz əmlaka (bu portfel Londonun Seynt Ceyms 78, Parisin Vandom meydanı 8, Moskvanın Tverskaya 16 və Seulun Ecuro 203 ünvanlarında yerləşən 4 aktivdən ibarətdir) yönələn investisiyalarından əldə edilən gəlirlərin aşağı düşməsidir. Neft Fondu tərəfindən 2012-ci ildə 133 milyon ABŞ dollarına alınan, Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis ticarət mərkəzinin dəyərini ötən ilin sonunda müstəqil qiymətləndirmə şirkətləri 5 milyard 687 milyon rubl qiymətləndirib ki, bu da hazırkı məzənnə ilə 88,6 milyon ABŞ dollarına bərabərdir. Təkcə Moskvadakı əmlakın dəyərdən düşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb.
 
Dəfələrlə Rusiya bazarına investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd edib, Neft Fondunu oradakı vəsaitlərini geri çəkməyə çağırsaq da, təəssüf ki, buna hələ də əməl edilmir. Beləliklə də Neft Fondunun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində Fondun Rusiya bazarındakı əməliyyatlardan itkilərin səviyyəsinin daha yüksək olacağı gözlənilir. Son məlumatlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz ucuzlaşıb və bu tendensiya il ərzində davam edəcək".

Google+ WhatsApp ok.ru