Neft Fondu öhədliklərini yerinə yetirə bilmir

Nemət Əliyev: «Xaricdəki aktivlərin bir hissəsinin xərclənməsi məcburiyyəti yaranıb»

Xəbər verildiyi kimi, Dövlət Neft Fondunun  2016-cı il üçün büdcə layihəsinə, həmçinin, Neft Fondunun idarə edilməsiylə bağlı xərclərə dair məlumatlara baxılaraq Fondun 2016-cı il büdcəsinin gəlirlərinin 6 milyard 711 milyon 564,1 min manat, xərclərinin 8 milyard 261 milyon 399,7 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 24 milyon 420 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.
 
Göründüyü kimi, ARDNF-in gəlirləriylə xəcləri arasında kifayət qədər fərq var. İqtisadçı-ekspert Nemət Əliyev "Azadlıq"a bildirib ki, Dövlət Neft Fondunun büdcəsi təsdiq olunarkən onun büdcə kəsiri də nəzərdə tutlmuşdu. Təxminən 1,7 milyard, 2 milyarda yaxın kəsir nəzərdə tutulurdu ki, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin fonunda Fondun büdcəsində bu həddə kəsirin müəyyənləşdirilməsi hələ o vaxtlar üçün yanlış nəticə idi:
 
“Sentyabrın sonuna olan məlumata görə 9 ay ərzində Neft Fonduna 3,6 milyard manat gəlir daxil olub. Halbuki, ilin sonuna qədər onun gəlirləri 10,4-10,5 milyard manat proqnozlaşdırılırdı. Lakin ilin sonuna qədər maliyyə gəlirlərinin çoxalacağı sual doğurur. Neft Fondunun gəlirlər hissəsinə bərabər daxilolmaları hesablasaq, ora 7,6 milyard  manat maliyyə vəsaiti daxil olmalıydı. Lakin dünya bazarında neftin qiyməti hökumətin proqnozlaşdırdığının tam əksinə olaraq 42 dollara qədər düşüb. Neft Fondunun aktivlərini investisiya portfeli çox yarıtmaz şəkildə idarə edir və portfelin idarə olunmasından Fond böyük itkilərlə üzləşir. 2 milyarda yaxın kəsirin miqyasının daha da böyüyəcəyini proqnozlaşdırmaq çox rahatdır”.
 
Ekspertə görə büdcə xərcləriylə bağlı ARDNF-in qarşısında  bu gün çox mühüm vəzifələr dayanır. Yəni dövlət büdcəsinə 10,4 milyard manat vəsait transfert edilməlidir. Həmçinin, qaçqınların və məcburi köçkünlərin məişət problemlərinin həll olunması məqsədilə, Samur-Abşeron su kanalının yenidən qurulmasıyla bağlı xərclər də nəzərdə tutulub. TANAP layihəsinin və bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi üzrə  Neft Fondunun xərclər öhdəliyi də var. Bir sözlə, Dövlət Neft Fondunun qarşısında bu qədər böyük vəzifələr qoyulub. Ekspert milyardların idarə olunması sahəsində Fondun fəqət yarıtmaz fəaliyyətinin acınacaqlı vəziyyət yaratdığını söyləyir:
 
“Neft Fondu qarşıya qoyduğu öhdəlikləri yerinə yetirmək üçün xarici ölkələrdə yerləşdirdiyi aktivlərin bir hissəsini ölkəyə gətirərək xərcləyəcək. Bir sözlə, mayadan istifadə olunacaq. Təəssüf ki, yanlış proqnozlaşdırma, planlaşdırma və idarəetmə ölkənin aktivlərinin azalmasıyla müşahidə olunan addımların atılmasına gətirib çıxaracaq”.

Google+ WhatsApp ok.ru