İnhisarçılığı ləğv etmədən...

İnhisarçılığı ləğv etmədən...

"Novoye Vremya" qəzetində "Beynəlxalq Valyuta Fondu islahatlara çağırır" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllifin fikrincə, ölkə iqtisadiyyatı elə bir həddə enib ki, beynəlxalq reytinq agentlikləri təxirəsalınmaz islahatları qaçılmaz hesab edirlər.
 
Yazıda Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan missiyasının rəhbəri Mohammed El Qorchi-yə istinadən bildirilir ki, ölkənin bank sistemində müəyyən işlər görülüb, amma bu iş bitmiş sayılmaz: "Düşünürəm ki, bank sisteminin restrukturizasiyasını indi həyata keçirmək lazımdır və bu proses bütün bank sektorunu əhatə etməlidir. 11 bank bağlanıb, digər banklar restrukturizasiya mərhələsindədir. Bununla belə bank sektorunda problemlər, hələ qalmaqdadır".
 
Müəllifə görə, BVF-nin missiya rəhbəri düşünür ki, bank sektorundakı problemlər bütünlükdə iqtisadiyyata zərər yetirir. "Bir daha qeyd edirəm ki, zəif banklar təkcə manatın məzənnəsinə deyil, bütünlükdə əhalinin banklara etimadına, iqtisadiyyata zərbə vurur. Odur ki, bu banklar ya sağlamlaşdırılmalı, ya da sistemdən kənar edilməlidirlər", -deyə yazıda vurğulanır.
 
Amma müəllif hesab edir ki, vaxtıkeçmiş kreditlər problemi həll edilməyincə, bankların vəziyyəti düzəlməyəcək.
 
Yazıda qeyd edilir ki, indiki halda bankların ixtisarı bu sektorda inhisarı gücləndirəcək: "İqtisadiyyatın bütün sahələrində inhisarı ləğv etmədən restrukturizasiyadan müsbət səmərə gözləmək mənasızdır".

Google+ WhatsApp ok.ru