`İnhisarçılıq aradan qalxıbsa, qiymətlər nədən ucuzlaşmır?`

Maide.az-ın məlumatına görə, iqtisadçı-alim Qubad İbadoğlu ölkə iqtisadiyyarındakı inhisarçılığın aradan qaldırıldığı barədə iddialara münasibətini açıqlayaraq özünün sosial şəbəkədəki səhifəsində status yazıb:

"Bu haqlı sual son zamanlar çoxlarını düşündürür. Xəbərlər dolaşır ki, gömrükdə inhisarçılıq yığışdırıldı, indi kim hansı malı istəyirsə ölkəyə maneəsiz gətirə bilər. Artıq arada vasitəçilər, gömrük brokerləri də yoxdur. Gətirdiyiniz malı birbaşa özünüz rəsmiləşdirə bilərsiniz. Həqiqətən də bu deyilənlər özünü praktikada təsdiq edir. Bəs onda qiymətlər niyə ucuzlaşmır?

Məsələ burasındadır ki, gömrükdə dəyişən yalnız prosedurlardır. Belə ki, əvvəlki proseduraya görə, gömrük brokerləri tələb olunan vəsaiti sahibkardan nağd şəkildə alıb, sənədləşdirmə işini onların iştirakı və məlumatı olmadan daxili qaydalarına uyğun olaraq həll edirdisə, indi həmin işi rəsmi şəkildə gömrük məmurları apaırırlar. İndiki prosedur üzrə də sahibkarın hazırkı ödənişləri ilə əvvəlki ödənişləri arasında ciddi fərq yaranmır. Çünki onlar əvvəl qeyri-rəsmi ödədikləri məbləğ qədər vəsaiti indi rəsmi ödəyirlər. Dəyişən odur ki, əvvəllər ödəniş üçün sənədlər əldə edə bilməyən sahibkarlar hazırda bütün növ ödənişlərinin sənədlərini ala bilirlər. Əksinə, hazırda manatın ikinci devalvasiyasından sonra idxalla məşğul olan sahibkarların xərcləri əvvəlkindən çoxdur. Çünki indi bu xərcləri artıran həm də məzənnə fərqindən yaranan itkilərdir. Yəni manatın ucuzlaşması idxalatçıların ziyanına işləyir. Odur ki, gömrükdə inhisarçılığın aradan qaldırılmasının idxal mallarının qiymətinə əhəmiyyətli təsiri hiss olunmur, çünki sahibkarın xərci nəinki azalıb, hətta bir az da artıb".

Google+ WhatsApp ok.ru