Ünvanlı yardımı kompüter təyin edəcək

Yanvar ayında Azərbaycanda 107 761 ailə (və ya 470 237 nəfər) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 26,4% azdır. Bu barədə fins.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
 
Ünvanlı yardımların həcmi artıb
 
Məlumata görə, yardım alan ailələin sayının azalsa da, yardımların həcmi artıb. Belə ki, ünvanlı sosial yardımların orta aylıq məbləği 10,3 faiz artaraq bir ailə üçün 138,89 manata, bir nəfər üçün isə 31,83 manata yüksəlib.
Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 222 589 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5305 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 5822 nəfər təşkil edir. Hazırda yardım alan ailələrin 30823-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
 
Ünvanlı yardımlar kompüter təyin edəcək
 
Nazirlik bildirir ki, sosial yardımların təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə 2013-cü ilin sonlarından etibarən ünvanlı sosial yardım alan ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri aparılır. Mütərəqqi beynəlxalq təcrübə əsasında qurulan bu sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutur./

Google+ WhatsApp ok.ru