Oliqarxlar etiraf edirlər ki, onlardan Beynəlxalq Banka borclarının ödənilməsini tələb edirlər

Azərbaycan Beynəlxalq Bankına milyonlarla həcmdə borcunu qaytarmadığına görə məsuliyyətə cəlb olunan oliqarxlar qrupu vəsait axtarmaqda davam edirlər.
 
Onların bəzisi ciddi problemlərin olduğunu etiraf edirlər, əksəriyyəti isə mətbuatla əlaqədən yayınır. Ölkədən çıxışına qadağa qoyulduğunu və təcili olaraq 70 mln. dolları ABB-yə qaytarmalı olduğunu etiraf edənlərdən biri İbrahim İbrahimdovdur (Nehrəmli).
 
“Xəzər adaları” layihəsinin sahibi etiraf edib ki, mayın 19-dək krediti ödəməlidir, lakin bunu edib-etməyəcəyini açıqlamayıb.
 
Qeyri-rəsmi məlumatlara görə, digər oliqarx – Azmeco-nun sahibi Nizami Piriyev yuxarılara çağırılıb və ondan təcili olaraq bir neçə yüz milyon dollar həcmində borcunu ödəmək tələb olunub. N.Piriyevin London birjasında müəssisənin təcili səhmləşdirilməsi barədə gözlənilməz qərarı da məhz bununla izah edilir.
 
Digər borclular kredit borclarını ödəmək üçün öz əmlaklarının satışına başlayıblar. Bu, mənzil və kommersiya daşınmaz əmlak bazarında (oliqarxların çoxu Bakıda premium və biznes kateqoriyalı  evlər tikdiriblər) təklifin artması deməkdir.  Eyni zamanda onların bəzi ticarət obyektləri bağlanıb.
 
  Virtual.org saytının məlumatına görə, Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynov saxlanılıb. Görünür, o, bankda son maliyyə pozuntuları faktlarına bağlılıqda şübhəli bilinir.
 
  Əvvəlkitək hüquq-mühafizə orqanları baş verənlərlə bağlı şərh və bəyanat vermirlər, baxmayaraq ki, söhbət yüz milyonlarla dolların mənimsənilməsindən gedir.

Google+ WhatsApp ok.ru