Otto konserni Rusiyada qiymətləri 10-15 faiz artırmağa hazırlaşır

Dünyanın ən iri poct-satış şirkətlərindən biri olan Almaniyanın Otto Group konserni rublun məzənnəsinin aşağı düşməsi ilə əlaqədar Rusiyada qiymətləri yenidən nəzərdən keçirmək məcburiyyətindədir.
 
Bu barədə şirkətin Rusiya bölməsinin rəhbəri Martin Şirer məlumat verib. Onun sözlərinə görə, konsern Rusiyada qiymətləri son aylar artıq ikinci dəfə 10-15 faiz qaldırmağı planlaşdırır. Bundan başqa Otto bu ölkədə, əsasən yeni müştəriləri cəlb etmək sahəsində investisiyaları azaltmaq fikrindədir.
 
Bununla da mənzil-qərargahı Hamburq şəhərində yerləşən konsern Rusiya bazarında fəaliyyətini genişləndirmək barədə verdiyi bəyanatdan imtina etmək məcburiyyətində qalıb.
 
Konsernin RF bölməsində 2 minə yaxın işçisi çalışır. Keçən il ticarət dövriyyəsi 550 milyon avro olan şirkətin gəlirinin bu il xeyli azalacağı ehtimal olunur.

Google+ WhatsApp ok.ru