Pensiyalarda artım 3 faiz deyil...

Pensiyalarda artım 3 faiz deyil...

Modern.az saytında «Maaşlar artıb, amma pensiya...» sərlövhəli yazı yer alır.
 
Yazıda pensiyaların indeksasiyası mövzusu iqtisadçı-ekspert Vüqar Bayramovla müzakirə edilib.
 
Ekspert Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirib ki, 2018-ci ilin 11 ayında orta aylıq əməkhaqqı 2.9 faiz artıb. O vurğulayıb ki, 2019-cu ilin yanvarından pensiya məbləğləri 2018-ci ildə orta aylıq əməkhaqqındakı faiz artımına indeksasiya olunmalıdır. Ekspertin sözlərinə görə, baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək: «2018-ci ildən başlayaraq pensiya məbləği inflyasiya səviyyəsinə deyil, orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya olunur».
 
V.Bayramov hesab edir ki, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Onun fikrincə, bu mexanizm dəyişməlidir: «Belə ki, pensiya məbləğinin orta aylıq əməkhaqqındakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədəuyğundur».
 
Ekspert deyib ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əməkhaqqındakı artım gəlirlərin artımını tam ifadə edə bilmir: «2018-ci ildə orta aylıq əmək haqqı 3 faiz ətrafında artıbsa, əhalinin gəlirləri 9.2 faiz artıb. Bu baxımdan, islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir».
 
Ekspert iddia edir ki, əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta belə müqavilələrinin bağlanmaması hallarının çox olduğu nəzərə alınsa, pensiyaların orta aylıq əməkhaqqıdakı artıma yox, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı: «... O zaman indeksasiya nəticəsində pensiyalarda artım 3 faiz deyil, 9 faizdən çox ola bilər». /azadliq.org /
 

Google+ WhatsApp ok.ru