İqtidar Arif Məmmədovu niyə “xain” elan etdi?

Diplomatın qeydləri hakimiyyət dəhlizlərində Qərbin mesajı kimi qəbul olunub

Azərbaycan hakimiyyəti daxilində yeni skandal baş qaldırıb. Azərbaycanın Avropa Ittifaqında nümayəndəliyinin rəhbəri (2000-2006), Avropa Şurasında daimi nümayəndəsi (2007-2012) olmuş, hazırda isə Islam Əməkdaşlıq Təşkilatının Avropa Ittifaqı yanında nümayədəsi vəzifəsini daşıyan Arif Məmmədovla bağlı qalmaqal gündəmin əsas mövzusu olaraq qalır. Xatırladaq ki, Arif Məmmədov facebook-da yazdığı bir neçə qeydə görə hədəfə gəlib.
 
Onun qeydlərindən biri 16 nəfərin ölümü ilə nəticələnən yanğın barədədir. Həmin statusda deyilir: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.
 
Arif Məmmədovun daha bir qeydi Avropa Oyunları məşəlini Bakıda Ilhamə Quliyevanın daşıyacağı haqa saytlardan birinin xəbərinə reaksiyasından ibarətdir. Diplomat yazıb: “Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxsləri, məsələn, Siyavuş Novruzovu (idmançı və millət vəkili), Əhəd Abıyevi (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyevi (nəhəng partiyanın rəhbərini) niyə əlavə olunmasın? Ölkənin parlaq ”dostları"nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar".
 
Arif Məmmədovun bu qeydləri hökumətdə qəzəblə qarşılanıb və “xəyanətdə”, “satqınlıqda” ittiham olunub. Hökumətyönlü mediada Arif Məmmədova qarşı kampaniya başlayıb. YAP-çı deputat Siyavuş Novruzov Arif Məmmədovu təhqir etməkdən belə çəkinməyib.
 
Arif Məmmədov bu ittihamlara cavab verməsə də, qalmaqal səngiməyib. Ona qarşı kampaniya davam edir. Lakin Arif Məmmədovun facebook səhifəsinə nəzər salanda cəmiyyətin onu müdafiə etdiyi aydın olur. Müxtəlif insanlar Arif Məmmədova qarşı ittihamları çirkin kampaniya hesab edir və bunun arxasında kimlərinsə məkrli niyyətlərinin dayandığını bildirir.
 
“Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, Arif Məmmədovun facebook qeydlərinin hakimiyyətdə fırtına yaratması indiki həssas dönəmlə bağlıdır. Hakimiyyət hazırda Qərblə qarşıdurma vəziyyətindədir. Iqtidar nümayəndələri, hökumətyönlü media quruluşları durmadan anti-Qərb kampaniyası aparır. Qərbə qarşı hücumların kökündə isə hakimiyyətdən demokratik islahatlar aparmaq tələbi dayanır.
 
Bu tələblər demək olar ki, hər gün daha da sərt xarakter alır. Qərbin təzyiqləri ilə üz-üzə olan Ilham Əliyev artıq komandasına da etibar edə bilmir. Belə bir vəziyyətdə Arif Məmmədovun hakimiyyət üçün arzuolunmaz fikirlər səsləndirməsi iqtidar daxilində Qərbin mesajı kimi dəyərləndirilib. Bu baxımdan da Arif Məmmədovu zərərsizləşirmək əmri verilib. Əslində isə Arif Məmmədovun məlum qeydləri sadəcə vətəndaşlıq mövqeyidir.

Google+ WhatsApp ok.ru