Qubad İbadoğlu: “Əvvəlki formatda devalvasiya olmayacaq”

Qubad İbadoğlu: “Əvvəlki formatda devalvasiya olmayacaq”

“Manat ilin sonuna kimi davamlı şəkildə öz məzənnəsini itirməkdə davam edəcək”

 

ADR Hərəkatının rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu musavat.com-un suallarını cavablandırıb. İqtisadçı manatın gözlənilən durumundan, hökumətin böhrandan çıxmaq üçün atdığı addımlardan, həmçinin problemli kreditlərdən danışıb.
 
- Yenidən manatla bağlı məsələ gündəmə gəlib. Ölkədə növbəti devalvasiya ehtimalı varmı?
 
- Əvvəla deyim ki, devalvasiya davam edir. Əvvəlki formatda, kəskin olaraq inzibati qaydada deyil, bir az konbinə olunmuş qaydada, həm iqtisadi, həm inzibati amillərin təsiri ilə devalvasiyanı biz hər gün, hər həftə müşahidə edirik. Çünki ayda orta hesabla bütövlükdə dəyəri 3 faiz ucuzlaşarsa, o deməkdir ki, elə il ərzində manat öz dəyərini 36 faizlik itirə bilər. Bu 36 faiz də əvvəlki səviyyədə iki devalvasiya arasındakı göstəricini özündə ehtiva edir. Sadəcə olaraq, Mərkəzi Bank kursu dəyişir. Mərkəzi Bankın bu istiqamətdə həyata keçirdiyi məzənnə siyasəti həm də bugünkü mövcud makroiqtisadi durumdan qaynaqlanır. Ötən il başqa situasiya var idi. Ötən il həm ölkədə neft gəlirləri azalırdı, valyuta daxilolmaları az idi. Amma bütövlükdə götürəndə həm Mərkəzi Bankın valyuta ehtiyatları çox idi, eyni zamanda, Neft Fondunun vəsaitləri hesabına valyuta bazarındakı gərginliyi aradan qaldırmaq imkanları var idi.
 
Ötən il ölkədə iqtisadi artım da var idi. Eyni zamanda, iki devalvasiyanın baş verməsi müəyyən mənada manata olan təzyiqlərin azalmasına gətirib çıxardı. Bu il vəziyyət tamam fərqlidir. Bu il ölkədə əvvəla, iqtisadi tənəzzül var, makroiqtisadi göstəricilər pisləşib. Bu il on bir ildən sonra ilk dəfə olaraq tədiyyə balansının cari hesablarında kəsr yaranıb. Eyni zamanda, bu ilin mart ayında on bir il sonra xarici ticarət dövriyyəsində mənfi saldo yaranıb. Dalbadal üç aydır ki, bu, müşahidə olunur. Belə olan halda, nəzərə almaq lazımdır ki, indiki halda situasiya heç də ötən ilki situasiya ilə eyni deyil, daha pisdir. Manatı qorumaq daha çətindir. Nəzərə alsaq ki, bir tərəfdən manatı qorumaq üçün müəyyən addımlar atılırsa, eyni zamanda, iki devalvasiya Azərbaycanda həm qiymətlərin bahalaşmasında stimul, mövcud biznesin fəaliyyətində çətinliklər yaratdı. İndiki situasiyada alıcılıq qabiliyyəti aşağı düşüb. Alıcılıq qabiliyyətinin aşağı düşməsi həm də anti-devalvasiya kimi qəbul oluna bilər. 
 
Həqiqətən də əvvəlki kimi həm manat, həm də valyuta ilə dövriyyə çox deyil. Nəzərə almaq lazımdır ki, bu, devalvasiyanın qarşısını almaq üçün arqument yaradırsa, amma digər makroiqtisadi faktorlar, o cümlədən tədiyyə balansındakı kəsir, eyni zamanda, xarici ticarət dövriyyəsindəki mənfi saldo, ölkədə valyuta daxilolmalarının azalması son nəticədə həm də manata olan təzyiqi getdikcə yüksəldir. 
 
Bu baxımdan, hesab edirəm ki, əvvəlki formatda devalvasiya olmayacaq, amma artıq devalvasiyanı bir daha kiçik templərlə hər tərəfdə hiss edirik. Bu ayın sonunda yenə ABŞ-ın Federal Ehtiyat Sisteminin toplantısı olacaq. Oradakı qərarın da Azərbaycanda valyuta bazarına təsiri mümkündür. Ən azı, psixoloji baxımdan cəmiyyətə təsir göstərir. Və artan valyuta tələbatı il ərzində manatı təzyiq altında saxlayacaq. Manat ilin sonuna kimi davamlı şəkildə öz məzənnəsini itirməkdə davam edəcək, itirəcək.
 
- Böhrandan çıxmaq üçün hökumətin atdığı addımlar yetərlidirmi?
 
- Əslində hökumətin bu istiqamətdə kursu düzgündür. Böhrandan çıxmaq üçün hökumət qeyri-neft ixracatının stimullaşdırılmasına çox diqqət yetirdi. Eyni zamanda, qeyri-neft iqtisadiyyatının təşviq olunmasına diqqət yetirdi. Bütün bunlarla yanaşı, həm gömrükdə, həm də digər sahələrdə müəyyən dəyişiklikləri şərtləndirdi. Bu, birbaşa həm ixrac prosesləri üçün əhəmiyyətli struktur idi. Amma çox gec başladılar. Kurs olaraq, yanaşma kimi dəyərləndirirəm. Amma çox gec, həm də sistemsiz bir yanaşmadır. Fərmanlarla, ayrı-ayrı qərarlarla bütövlükdə bu kompleks problemi həll etmək mümkün deyil. 
 
Amma mən hesab edirəm ki, bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran ən vacib məsələlərdən biri ölkənin idxal məhsullarına olan tələbatını aşağı salmaq və bunun üçün də daxili istehsalı stimullaşdırmaq və idxalı əvəz edən yerli istehsal sahələrini inkişaf etdirməkdən ibarət olmalıdır. Bu istiqamətdə müəyyən addımlar atılır. Lisenziyaların verilməsində, eyni zamanda, yerli istehsalın fəaliyyətinin stimullaşdırılmasında addımlar atılır, amma bunları kifayət hesab etmirəm. Milli iqtisadiyyatın qarşısında duran ikinci vacib məsələ də birinci ilə əlaqəlidir. İkinci məsələ qeyri-neft ixracatını təşviq etməkdir. Bu gün Azərbaycanın qeyri-neft ixracatına baxsaq, orada əsas paya malik olan kənd təsərrüfatı məhsulları, emal sənayesi məhsulları, neft kimya məhsullarıdır. 
 
Kənd təsərrüfatında istehsalı məhsuldarlığın yüksəldilməsi Azərbaycanın regional bazarda rəqabət qabiliyyətin yüksəldə bilər. Ən azı, Azərbaycan qiymət rəqabətində üstünlük qazana bilər. Məsələn, bizim ötənilki qeyri-neft ixracatına baxsaq, orada ən yüksək paya malik meyvə və tərəvəz olub. Düzdür, o valyuta ayrı-ayrı şəxslərə, şirkətlərə gəlib. Bütövlükdə dövlətin özünün valyuta ehtiyatlarının artımına xidmət etmir. Amma istənilən halda Azərbaycan bazarına valyutanın gətirilməsi o deməkdir ki, Azərbaycan neft sektorundan kənar ixracatdan qazanc əldə edilib. 
 
Onun ölkəyə daxil olması çox önəmlidir. Düşünürəm ki, bu gün ən vacib siyasətdən biri məhz ölkədə meyvə-tərəvəz istehsalı sahəsində aqrar sektorun inkişafıdır. Bu, ixrac sektorunun inkişafı heyvan və bitki mənşəli məhsulların da ixracatını stimullaşdıra bilər. Çünki ötən il qeyri-neft ixracatında meyvə və tərəvəz ixracatından sonra ikinci böyük hissəyə malik olan mal bitki və heyvan mənşəli yağlardır. Bu da daha çox “Azərsun” şirkəti tərəfindən həyata keçirilir. Şəkər üçüncü yerdədir. Nəzərə almaq lazımdır ki, ötən il 212 milyon dollar şəkər ixracatı olub. Amma biz onun 180 milyon dollarını şəkər çuğundurun idxalına xərcləmişik. Bu gün əgər Azərbaycan şəkər çuğundurunun istehsalı sahəsində irəliləyişlərə nail olarsa, şəkər ixracatından əldə olunan gəlirlər iqtisadiyyatda önəmli yer tuta bilər. Amma digər məhsullar var, kimya sənayesi məhsulları var, Azərbaycanda potensial qeyri-neft ixracı sahəsindən hesab olunur. Hesab edirəm ki, ölkənin kənd təsərrüfatı sahəsində deyil, ixracat potensialı da xüsusilə də şərab istehsalındadır. Burada bizim potensialımız var. Ona görə hesab edirəm ki, ilk növbədə bu məhsullar üzrə ölkədəki iqtisadi vəziyyətin dəyərləndirilməsinə getmək lazım idi. Həmin sahələrin inkişaf etdirilməsi, yeni sahələrin yaranması istiqamətində, innovasiyaların, texnologiyaların cəlb edilməsi ilə məhsuldarlıq və rentabellik göstəricilərinin artırılmasına yönələn sektor siyasətə ehtiyac var. Bu gün Azərbaycanda bu, çatışmır. Ayrı-ayrı fərmanlarla biz onu təmin edə bilmirik. Bütövlükdə bu sektorda struktur islahatlarına ehtiyac var. Yeni texnologiyaların cəlb edilməsinə ehtiyac var. Bunun üçün də ilk növbədə hesab edirəm ki, investisiyalar üçün əlverişli şərait yaradılmalıdır.
 
- İki devalvasiyadan sonra kreditlərlə bağlı problem ciddiləşib, problemli kreditlərin həcmi artıb. Hökumət niyə bu problemin həllində maraqlı deyil? Maliyyə vəsaiti yoxdur, yoxsa başqa səbəb var?
 
- Düşünmürəm ki, vəsait yoxdur. Çünki böyük bir məbləğ, vəsait tələb etmir. İlk növbədə kreditlərin həlli üçün təxminən 150 milyon manatdan söhbət gedir və bu da Azərbaycanda əlçatan bir vəsait ola bilər. Hesab edirəm ki, bu, kreditlərlə bağlı yaranmış vəziyyəti xeyli dərəcədə durulda bilər. Bu baxımdan, hökumətin sadəcə olaraq bu məsələdə qərar verməkdə tərəddüd etməsinin əsas səbəblərindən biri bundan ibarətdir ki, bu, son nəticədə davamlı bir prosesə çevrilə bilər. Güzəştin beş min dollara qədər olan kreditlərə verilməsi on min dollar, yaxud ondan çox kredit borcu olanların kredit ödənilməsinə neqativ təsir göstərə bilər. 
 
Onlar da gözləyə bilərlər ki, bu gün beş min dollara qədər olanlar güzəştdən yararlanıbsa, sabah on min dollara qədər krediti olanlar üçün şamil oluna bilər. Bir növ kredit ödənilməsində maliyyə intizamsızlığına təsir göstərə bilər, maliyyə intizamsızlığını çoxalda bilər. Bu, hökumətin tərəddüdünə səbəb olan əsas amillərdən biridir. Bunu tənzimləmək o qədər də çətin deyil. 
 
Hesab edirəm ki, bu istiqamətdə hökumət addım atmalıdır. Problemli kreditlərin ümumi kredit portfelində payı artır. Bu, son nəticədə həm bütövlükdə yalnız bankların maliyyə vəziyyətini pisləşdirmir. Yalnız vətəndaşların banklar, məhkəmə orqanları qarşısında asılılığını gücləndirmir, eyni zamanda, bankların kredit rentinqlərinə mənfi təsir göstərir. 
 
Nüfuzlu beynəlxalq kredit təşkilatları bankların reytinqlərinə hər ay yenidən baxırlar və reytinqi aşağı salırlar. Bu, bütövlükdə bank sisteminin mövcud böhrandan çıxmaq imkanlarını çətinləşdirir. Çünki Azərbaycan bank sistemini mövcud böhrandan çıxarmaq üçün Azərbaycan banklarına ucuz və uzunmüddətli dövr üçün kreditlər, investisiyalar lazımdır. Bunu Azərbaycan bankları necə əldə edə bilər? İndiki halda xarici mənbələrdən mümkündür. Xarici mənbələr də borc verəndə ölkənin və ayrı-ayrı bankların reytinq cədvəlinə baxırlar və ona müvafiq qərar verirlər. İndiki halda bu problemin ləngidilməsi bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün də, banklar üçün də əlavə problemlər yaradır. Onların mövcud problemləri həll etmək imkanlarını məhdudlaşdırır. 
 
Təəssüf olsun ki, bu sadə həqiqəti başa düşənlərlə imtina edənlər arasında müzakirələr açıq deyil. Biz də öz arqumentlərimizlə bunu gücləndirərdik. Bank sektoru müzakirələrə cəlb olunmayıb. 
 
Ümumiyyətlə, bu dövrdə vacib məsələlərdən biri ekspert müzakirələrinin genişləndirilməsidir, ictimailəşdirilməsidir. Əgər ölkənin iqtisadi islahatlar paketi hazırlanırsa, ölkənin islahatlara keçid üçün yol xəritəsi hazırlanırsa, bunun üçün prezidentin məlum fərmanı ilə kifayət qədər vaxt ayrılıbsa, müzakirələr də açıq olmalıdır. Çox təəssüf olsun ki, bizdə hazırda bu müzakirələr bağlı saxlanılır. Müstəqil ekspertlər öz fikirlərini mətbuatda bölüşür. Amma bu müzakirələrin açıq olması, ictimai xarakter alması islahatlara inamı da artıra bilər, ekspertlərin də tövsiyələri ola bilər. 
 
Çox təəssüf ki, bu problem bütövlükdə milli iqtisadiyyatımız üçün xarakterik olaraq qalır. İndiyə qədər çox təəssüf olsun ki, yol xəritəsinin müzakirələri təşkil olunmayıb və bu, açıq şəkildə aparılmayıb. Hətta ən mükəmməl sənəd ortalığa çıxsa da, ictimai dəstək qazanmayan və ekspertlərin töhfələri, tövsiyələri, təklifləri yer almayan sənəd olaraq ciddi şəkildə islahatlar üçün önəmi azalacaq. 
 
Müzakirə olunmalıdır ki, sonra reallaşdırılsın. Həqiqətən ictimai dəstək, ekspert dəstəyi qazanandan sonra reallaşdırılsın ki, Azərbaycan iqtisadiyyatı bundan qazansın. Bu gün bunun necə hazırlanması ilə bağlı proseslərə cəlb olunmayan ekspertlər sabah bu sənədin qəbulu, dəstəklənməsi istiqamətində təkliflərlə çıxış etməyəcək".

Google+ WhatsApp ok.ru