İran tərəfi tezliklə Astaraçay üzərində dəmir yolu körpüsünün layihəsini Azərbaycan hökumətinə təqdim edəcək

"Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisi layihəsi və xəritəsi artıq hazırdır. Tezliklə bu sənədlər Azərbaycan hökumətinə təqdim olunacaq". Bu barədə APA-ya açıqlamasında İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi deyib.
 
O bildirib ki, Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi üçün iki layihə hazırlanıb. "Layihələrdən biri Astara-Astara dəmir yolu körpüsünün tikintisidir ki, biz tikiləcək körpülərin layihəsini hazırlamışıq və tezliklə Azərbaycan hökumətinə təqdim edəcəyik. Məndə olan məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov podratçı şirkətə körpünün tikintisi üçün lazımi göstərişləri verib. Ümid edirəm ki, yaxın iki həftədə Astara-Astara dəmir yolu körpüsünün tikintisinə başlanacaq. Körpünün tikintisinə başlamaqla yanaşı 8 kilometr Azərbaycan ərazisində və 2 kilometr İran ərazisində dəmir yolu xətti çəkiləcək".
 
Sədr əlavə edib ki, bu layihə çox böyük potensiala malikdir. "Layihənin icrası ilə Hindistan, Cənubi Koreya və Çindən daşınan yüklər İranın Bəndər Abbas limanı vasitəsilə Azərbaycan ərazindən tranzit olaraq Gürcüstan, Ukrayna və digər ölkələrə daşınacaq. Biz bu ölkələrlə danışıqlar aparmışıq və həmin ölkələrdə layihənin icrasında maraqlıdır", - deyə o bildirib.
 
İranlı məmur deyib ki, tezliklə Rəşt-Astara dəmir yolunun tikintisinə də başlanılacaq. /

Google+ WhatsApp ok.ru