Rüstəm İbrahimbəyovun fikirləri Milli Şurada narazılığa səbəb olub

"Rüstəm İbrahimbəyovun mövqeyi ilə razı deyiləm. Biz ermənilərlə əlimizdə dəyənək tutub qonşuluq etməliyik".
Maide.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov sovet dövründə ermənilərlə birgə yaşadığından bu cür düşünür: "Erməni ictmaiyyətində də Rüstəm İbrahimbəyov kimi adamlar var. Bu insanlar iki xalq arasında düşmənçiliyə son qoyulmasına çalışırlar. Mən İbrahimbəyovun dövrünün adamı deyiləm. Ümumiyyətlə, Rüstəm müəllimin mövqeyi ilə razı deyiləm. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində baş verənləri gözlərimlə görmüşəm. Amma həm də dərk edirik ki, əbədi düşmənçilik ola bilməz. Barış olacaq, amma bu, Rüstəm İbrahimbəyovun dediyi kimi olmayacaq. Dərk etməliyik ki, bunu asanlıqla həll etmək olmaz. Ötən əsrin əvvəlində ermənilərin bizə qarşı vəhşiliyini unutdurdular. 1990-cı illərdə baş verənləri isə unutmamalıyıq. Biz ermənilərlə əlimizdə dəyənək tutmaqla qonşuluq etməliyik".

Google+ WhatsApp ok.ru