`Rusiya bu gün Dağlıq Qarabağ münaqişəsinin həllini öz çıxarlarına bağlayıb`

Ağ Yol Vətəndaş Hərəkatının rəsmi facebook səhifəsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti müzakirəyə çıxarıldı

Ağ Yol Vətəndaş Hərəkatının rəsmi facebook səhifəsində, 550 minlik eyni adlı qrupunda və tviter hesabında ATƏT-in Minsk qrupunun fəaliyyəti müzakirəyə çıxarılaraq tənqid edilib. Maide.az xəbər verir ki, müzakirələr zamanı daha çox aşağıdakı məsələlərə diqqət ayrılıb: 
 
ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif verməkdən başqa işləri yoxdurmu? 25 ildir ki, ancaq təklif verir, səyahət edir, zarafat edir və prezidentlərlə şəkil çəkdirirlər. Bundan gözəl vəzifə ola bilərmi? Azərbaycan prezidenti İlham Əliyev də onların fəaliyyəti ilə bağlı narazılıq ifadə edib. Amma, nə fayda, sən saydığını say, görə ATƏT-in Minsk Qrupunun həmsədrləri nə sayır? Milyondan çox qaçqın və köçkünümüz isə yurd-yuvasından didərgin düşərək min bir əziyyətə qatlaşırlar!
 
Təkliflər, əslində pis deyil. Amma, təklifləri də, açığı tükəndiriblər. Bir də ki, əgər təkliflər qəbul olunmayacaqsa, o zaman onların qızıl suyuna çəkilib lövhələrdə belə təqdim olunması işə fayda verməz. Ermənistanın işğalçı rejimi geri addım atmaq niyyətində deyil. Əgər onlar axmaq mövqelərindən geri çəkilmirsə, o zaman heç ATƏT-in Minsk qrupu da lazım deyil. Çünki, ermənilər bu qrupla pərdələnərək status-kvonu saxlamaqda davam edirlər.
 
Avropa və ABŞ-ın mövqeyi isə birmənalı deyil. Onlar danışıqların davam etməsini və sülh istəyirlər. Amma, Ermənistanın sülh istədiyindən əmindirlərmi? Biz buna əmin deyilik. Çünki, bu işğalçılar Dağlıq-Qarabağın ətrafında işğal etdikləri 6 rayondan birini belə boşaltmaqdan imtina edirlər. Belə halda, Azərbaycan nə qədər dözüm göstərməlidir? Onlar sülh istəyirsə, Ermənistanı sülh sazişinə getməyə və işğal etdikləri torpaqları azad etməyə məcbur etməlidir.
 
Keçmiş Sovetlər Birliyində bu gün də davam edən bütün nadürüstlüyün və işğalçılığın əsasını Ermənistanın aqressiv hakimiyyəti qoyub. Onlar şər və böhtan toxumu səpiblər və bu gün də səpməkdə davam edirlər.
 
Rusiaynın da mövqeyi anlaşılan deyil. Azərbaycan onların dar gününüdə hər zaman dəstək olub. Bu gün də onlara dəstək olmaqda davam dir. İkinci Dünya müharibəsinin qazanılmasında Azərbaycan nefti əsas rol oynayıb. Azərbaycan hər zaman Rusiyaya yaxşı qonşu olub. Rusiya isə bu gün Dağlıq Qarabağ münaqişəsinin həllini öz çıxarlarına bağlayıb. Bu yanaşma düzgün ola bilərmi? Belə bir mövqe ilə Rusiya Azərbaycan insanının könlünü ala bilərmi? Əsla!

Google+ WhatsApp ok.ru