Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı

Ukraynanın Odessa şəhərinin qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putin barədə yeni ittihamlarla çıxış edib.
 
“Pressa Ukraina” saytı xəbər verir ki, Saakaşvili Vladimir Putinin Ukraynadan sonra Baltikyani ölkələr, Gürcüstan və Azərbaycanda qarışıqlıq yaradacağını deyib.
 
Onun sözlərinə görə, Putin daimi olaraq NATO qüvvələrini yoxlamaqla məşğuldur. “Bu onunla keçirdiyim uzun danışıqlar zamanı mənə məlum olub”. 
 
Eləcə də keçmiş prezident deyib ki, Putin dövlət sərhədlərinə hörmət etmir və onsuzda həmişə onu pozmağa çalışacaq. “Mən hələ 2008-ci ildə demişdim ki, bundan sonra Ukrayna olacaq”- deyə siyasətçi Rusiya-Gürcüstan müharibəsini yada salıb. 
 
Bundan əlavə Saakaşvili növbəti Azərbaycan xəbərdarlığını etməyi də unutmayıb. Onun fikrincə, Putinin aqressiv siyasətinin bundan sonrakı qurbanları Baltik ölkələri olacaq, o yenidən Gürcüstan və Azərbaycana qayıdacaq. 
 
Qeyd edək ki, bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi xəbər yaymışdı ki, Rusiya hərbçiləri Gürcüstan-Cənubi Osetiya sərhədində, beynəlxalq Bakı-Supsa neft kəmərinin keçdiyi hissədə sərhəd xəttini irəli çəkib.
 
Vəziyyətlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən də reaksiya gəlib. Şirkətin vitse-prezidenti Elşad Nəsirov deyib ki, Bakı-Supsa neft kəmərinin Cənubi Osetiya ərazisində keçən bir neçə kilometrlik hissəsi maşrutu dəyişdirilməsə belə, çətinlik yaranmaz. Digər bir tərəfdən hansısa problem yaranarsa bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq. 
 
Rusların Gürcüstanın içərilərinə doğru irəliləmələrində daha bir təhlükə isə Tiflis-Batumi avtomagistralının ələ keçirilməsi təhlükəsidir. Bu yol Tiflislə qərbi Gürcüstanı, Acarıstanı, o cümlədən ölkəni Türkiyə ilə birləşdirən yeganə avtomobil yoludur. Rəsmi məlumata görə, isə rus sərhədçilərinin yerləşdiyi ərazidən bu magistrala cəmi 450 metr məsafə qalıb. Digər bir məlumata görə, isə ruslar Axalqorinin içərilərinə doğru bir kilometrə qədər irəliləyiblər. Bölgədə yaranmış vəziyyətin ciddiliyini anlayan Avropa Birliyi Müşahidə Missiyası da ərazidə fasiləsiz olaraq monitorinqlər aparır.anspress

Google+ WhatsApp ok.ru