Seçkiləri boykot planı - Fövqəladə toplantı

"Azadlıq -2015" siyasi partiyalar blokunun fövqəladə toplantısı keçirilib.
 
Maide.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, toplantıda irəli sürülmüş namizədlərin, bloka daxil olan bəzi siyasi partiyaların sədrlərinin Milli Məclisə bu ilin 1 noyabrına təyin edilmiş seçkilərdə iştirakdan kənarlaşmaq barədə müraciətləri müzakirə edilib. İmza vərəqləri almaq üçün müraciətlərə qanunsuz əngəllər törədilməsi, namizədlərin müdafiəsi üçün imza toplanmasına manelər yaradılması, irəli sürülmüş namizədlərin öz namizədliklərindən imtinası üçün onlara təzyiqlər, o cümlədən yaxın qohumların təhdid edilməsi vasitəsi ilə təzyiqlər edilməsi, habelə demokratik beynəlxalq aləm və bir sıra yerli siyasi qüvvələr tərəfindən bu seçkilərin boykot edilməsi əsas göstərilərək həmin müraciətlərdə tələb edilir ki, blok seçkilərdə iştirakdan imtina etsin və namizədlərini geri çəksin.
 
Müzakirələrdə qeyd olunan faktlarla yanaşı seçkiətrafı ümumi siyasi mühitin iqtidarın hətta imitasyon demokratiya modelindən də imtina etməsi əlaməti kimi dəyərləndirilib. Məsələnin Azərbaycan siyasətində geosiyasi vektor dəyişikliyi ilə nəticələnə biləcəyindən xüsusi narahatlıqlar ifadə edilib. Seçkilərdə iştirak tərəfdarları seçkilərdən demokratik mübarizə vasitəsi kimi istifadə strategiyasının yarımçıq saxlanmasının fəsadlarını göstəriblər. Qərara alınıb ki, məsələ bloka daxil olan siyasi partiyaların kollegial səlahiyyətli orqanlarında baxıldıqdan və müvafiq qərar qəbul etmələrindən sonra həmin qərarlar nəzərə alınmaqla yekun qərar qəbul edilmək üçün yenidən müzakirəyə çıxarılsın.

Google+ WhatsApp ok.ru