İstehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşıb

Bu ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. 
 
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşıb. 
 
Ay ərzində buğda ununun, balıq məhsullarının, qoyun və toyuq ətinin, süd məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, alçanın, çiyələyin, kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində ucuzlaşma, qarabaşaq yarmasının, yumurtanın, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, göyərtinin, çuğundurun, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub. 
 
May ayında qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının qiymətlərində artım, səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğuların qiymətlərində isə ucuzlaşma müşahidə edilib.
 
Bundan əlavə, ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tarifləri və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri ucuzlaşıb.

Google+ WhatsApp ok.ru