Ştefan Fule: “Azərbaycandakı durumdan çox narahatıq”

Avropa İttifaqının genişlənmə üzrə komissarı Ştefan Fule bazar ertəsi axşam Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşüb.
 
Komissar ölkədə insan haqlarının məhdudlaşdırılması faktları ilə bağlı ciddi narahatlığını ifadə edib.
 
“Avropa İttifaqı hazıdki vəziyyətdə vətəndaş cəmiyyəti fəallarının əzmkarlığını çox yüksək qiymətləndirir. Biz insan haqları, demokratiya və əsas azadlıqlar ilə bağlı problemləri diqqətlə izləyirik. Avropa İttifaqı dəfələrlə vətəndaş cəmiyyəti ilə bağlı qanunvericiliyə edilmiş məhdudlaşdırıcı dəyişikliklər, bir sıra tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi ilə bağlı öz narahatlığını ifadə edib”, Fule deyib.
 
Avropa komissarı stabil demokratik dövlətdə ictimai debatların çox vacib olduğunu xatırladıb.
 
“Məhz buna görə də biz Azərbaycanın vətəndaş cəmiyyətini dəstəkləmişik və dəstəkləyəcəyik. Bu məqsədlə Avropa İttifaqı Azərbaycan vətəndaş cəmiyyətinə, demokratiya və insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərə 3 milyon avro ayırıb”.
 
Qapalı keçirilən görüşdə Fule və vətəndaş cəmiyyəti nümayəndələri mövcud durumu müzakirə edib.

Google+ WhatsApp ok.ru