Tehran-Bakı-Tehran reysi üzrə uçuşlar dayandırıldı- Yenilənib

Aviaşirkətin Bakı nümayəndəliyinin başçısı Muctəba Qulamianın sözləri əlavə olunub

 

"İran Air" aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə birbaşa uçuşları müvəqqəti dayandırıb. Bu barədə Trend-ə məlumatlı mənbədən bildirilib. 

Məlumatlı mənbənin bildirdiyinə görə, Tehran-Bakı-Tehran birbaşa uçuşlarının dayandırılması Həcc mövsümü ilə bağlı "İran Air" aviaşirkətinin təyyarələrinin Məkkədə olan zəvvərları daşıması ilə əlaqədardır.  Mənbə bildirib ki, uçuşlar fevralın 1-dən əvvəlki qaydada həyata keçiriləcək.

Qeyd edək ki, "İran Air" aviaşirkəti hər həftənin ikinci və dördüncü günləri Bakıya uçuşlar həyata keçirirdi.

Aviaşirkətin Bakı nümayəndəliyinin başçısı Muctəba Qulamian da xəbəri təsdiqləyib: "Azərbaycanda xərclər çoxdur. Bu da bizim burada sonrakı fəaliyyətlər üçün maneədir. İndiyə kimi biz zərərlə işləyirdik".

Onun sözlərinə görə, Bakıda aviareyslərin reallaşdırması 27 oktyabrdan dayandırılmışdı və ilkin məlumatlara görə, bu vəziyyət 2015-ci ilin yanvarının sonuna kimi qalacaq: "Hələ ki, biz yanvardan sonra uçuşların bərpası üçün xəbərdar edilməmişik. Hal-hazırda bu məsələdə danışıqlar aparılır. Ümid edirik ki, onlar hamısı bərpa ediləcək".

Yaxın vaxtlarda açılması gözlənilən Bakı-Məşhəd aviareysinə gəlincə, məlumatlı mənbə Trend-ə bildirib ki, bu reys üzrə uçuşlara başlanması ilə bağlı danışıqlar son mərhələdədir: “İşlər tamamlanmaq üzrədir və tezliklə Bakı-Məşhəd reysi üzrə uçuşlar həyata keçiriləcək”.

Google+ WhatsApp ok.ru