Tikinti sektorunda tənəzzül

Tikinti sektorunda tənəzzül

"Novoye Vremya" qəzetində "Daşınmaz əmlak bazarı 2016-cı ildə" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, tikinti işləri uzun müddət ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılırdı. Bu sahə qeyri-neft sektorunun inkişafına nümunə kimi göstərilirdi.
 
Müəllif vurğulayır ki, neftin kəskin dəyərdən düşməsi ilə bu sektora böyük bir zərbə dəyib.
 
Yazıda qeyd edilir ki, 2013-cü ildə ölkədə 2.4 milyon kv.metr mənzil sahəsi inşa edilib və həmin vaxtdan bu yana bu sektorda eniş başlayıb.
 
Müəllif bildirir ki, 2016-cı ildə isə cəmi 1 milyon 600 min kv.metr mənzil sahəsi istismara verilə bilib.
 
Yazıda qeyd edilir ki, mənzil tikintisinə çəkilən xərclər də azalıb: "Amma bu əhalinin mənzilə ehtiyacının azalması yox, alıcılıq qabiliyyətinin azalması ilə bağlıdır".
 
Müəllif yazır ki, bütün bunlar tikinti materialları istehsalına da ciddi zərbə vurub.
 
Yazıda daşınmaz əmlak bazarında qiymətlərin dollarla ifadəsində ciddi şəkildə düşdüyü bildirilir. Ümumi alqı-satqının da xeyli azaldığı qeyd edilir: "Gördüyümüz kimi, mənzil bazarında eniş davam edir. Bununla belə, vəziyyətin dəyişəcəyinin əlaməti belə yoxdur".
 
Müəllif qeyd edir ki, artıq iş adamları pullarını ölkədən çıxararaq Gürcüstanda və Türkiyədə tikinti sahəsinə yatırmağa üstünlük verir.
 
Yazıda bildirilir ki, xaricdə mənzil alınması halları da artıb: "Beləliklə, Azərbaycan vətəndaşları get-gedə qonşu dövlətlərin iqtisadiyyatına sərmayə yatırır, yerli iqtisadiyyat və tikinti sektoru isə ancaq dövlət dəstəyi ilə ayaqda durur. Bu durumda vəziyyətin müsbətə dəyişəcəyinə ancaq ümid bəsləmək olar". /

Google+ WhatsApp ok.ru