Toğrul Cuvarlı: “Hökumət çox ciddi islahatlara getməldir”

"Brent" markalı neft daha da ucuzlaşıb. Londonun ICE birjası hərraclarının nəticələrinə görə, neftin fyuçersləri 38 dollar göstəricisindən aşağı düşərək bir barel üçün 37,94 dollar qiymətinə çatıb. Azərbaycan üçün kritik hədd olaraq 40 dollar götürüldüyü halda neftin bu qiyməti artıq kifayət qədər problemlər yaratması inkar olnmaz bir faktdır.
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən iqtisadçı ekspert Toğrul Cuvarli deyib ki, neftin qiymətinin bu dərəcəyə düşməsi çox böyük bir problemdir: “Bir çox ekspert gözləyir ki, neftin bu cür düşməsi müvəqqəti olacaq. Ümid yalnız buna bağlıdır. Neftin qiyməti 35 dollardan aşağı düşsə ümumiyyətlə dəhəşətli nəticələr olacaq. Bu tendensiya da müşahidə olunmaqdadır. Cəmiyyət bu dalğanı çox ciddi olaraq hiss edəcək. Fevral ayında olan devalvasiyanı əhali bir o qədər də hiss etmədi. Çünki hökumət süni şəkildə inflyasiyanın qarşını almağa müvəffəq oldu. Amma bu dəfə süni müdaxilə qeyri mümkün olacaq. Bu dəfə devalvasiya olsa inflayasiya sürətli şəkildə artacaq.
 
Digər şeyləri heç nəzərə almasaq belə, inflyasiyanı cəmiyyət aşkar şəkildə hiss edəcək. Əgər neftin qiyməti 37 dollar səviyyəsində 2 ay qalsa bəs edəcək. Artıq bir çox sahələrdə panika yaranıb. Dolların həcmi banklarda get-gedə artmaqdadır. Camaat artıq manatı dollara dəyişir və bu da dolayısı ilə iqtisadiyyata dəhəşətli dərəcədə təsir edir.
Bu bir zəncirvari prosesdir. Proseslər onu göstərir ki, manatla bağlı son qərarı qəbul etməyiblər. Hökumət üzən məzənnə və ya devalvasiya qərarı ilə bağlı tərəddüd edir. Hökumət heç olmasa 6 aya qədər müəyyən dəyişikliklərin baş verməsini arzulayırsa, çox ciddi islahatlara getməldir. Gömrük, vergi və s. dövlət müəssisələrində ciddi proseslər baş verməlidir. Eyni zamanda, biznes strukturları ilə bağlı müəyyən yüngülləşdirici addımlar atılmalıdır ki, onlar da çevik işləyə bilsinlər”./

Google+ WhatsApp ok.ru