Uorlik: `Sülh sazişinin imzalanacağı gün bütün regiona sülh gələcək`

“Biz etimad yaratmağa, insanları yaxınlaşdırmağa kömək edə biləcək istənilən addımın qəbul edilməsində maraqlıyıq. Əlbəttə ki, yalnız hökumət səviyyəsində müzakirə və həll olunan problemlər mövcuddur və biz bu məsələlərin həllində irəliləyişin olduğunu görməyi çox istəyirik". Maide.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistanın Mediamaks agentliyinə deyib.
 
O bildirib ki, elə məsələlər var ki, onlar həmin sərhədlər çərçivəsinə daxildirlər: "Biz kommunikasiya imkanlarını və ermənilərlə azərbaycanlılar arasında görüşləri alqışlayırıq. Eləcə də erməni idmançıların Bakıdakı Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edirik, çünki belə ünsiyyətin faydalı olduğuna inanırıq”.
 
Uorlikin sözlərinə görə, insanlar arasında təmaslar uzunmüddətli nizamlanmaya nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir: "Sülh sazişinin imzalanacağı gün gələndə - o, əlbəttə, mütləq gələcək - bu, təkcə Ermənistana, Dağlıq Qarabağa və Azərbaycana deyil, ümumilikdə bütün regiona sülh gətirəcək. Lakin bu yalnız kağız üzərində imza ola bilməz. Bunun həmin razılığa kömək etməsi, etibar üçün əsas olması lazımdır və bizim işimiz məhz buna yönlənmiş olmalıdır. Bizim görmək istədiyimiz məhz budur”.

Google+ WhatsApp ok.ru