Valyuta ehtiyatları əriyir

İlin əvvəlindən Neft Fondu Mərkəzi Bankın keçirdiyi hərraclarda banklara 1 milyard 145 milyon 600 min dollar satıb.
 
«Marja» xəbər verir ki, Neft Fondu yanvarda 600 milyon dollar, fevralda 177.5 milyon dollar, martda isə 368.1 milyon dollar satıb.
 
Həmçinin, Mərkəzi Bank hərraclar vasitəsilə valyuta ehtiyatlarından 990.4 milyon dollar satıb. Ötən ilin sonunda Mərkəzi Bankın 5 milyard 16.7 milyon dollar valyuta ehtiyatları olub. Bu fevralın sonunda 4 milyard 26.3 milyon dollara düşüb.
 
Bu il hərraclar vasitəsilə banklara ümumilikdə 2 milyard 136 milyon dollar satılıb.
 
Neft Fondunun 2016-cı ildə manatla öhdəlikləri 8 milyarda (4.9 milyard dollar) yaxındır. Bura həm dövlət büdcəsinə transfer və həm də öz xərcləri daxildir.
 
Bu halda Neft Fondu hər ay hərraca orta hesabla 400 milyon dollar çıxarda bilər. Artıq Neft Fondu ötən 2 ay 15 gündə hərracda 1.1 milyard dollar valyuta satıb.
 
Mərkəzi Bankın 4 milyard valyuta ehtiyatları daxil, bu iki qurum birlikdə bu il hərraca 8.9 milyard dollara yaxın vəsait çıxarda bilər. Bu da hər ay hərraca orta hesabla 740 milyon dolların çıxardılması deməkdir. Ölkədə aylıq tələbatın isə 1 milyard dollardan çox olacağı proqnozlaşdırılır.
 
Ötən ilin sonlarında Neft Fondunun təqribən 34 milyard dollar vəsaitinin olduğu bildirilirdi.

Google+ WhatsApp ok.ru