İxrac ayrı-seçkiliyi

İxrac ayrı-seçkiliyi

-- Müəllifə görə, bütün keyfiyyətli məhsullar ixraca gedir

"Novoye Vremya" qəzetində isə "İxrac ayrı-seçkiliyi" sərlövhəli məqalə  oxumaq olar.
 
Müəllif neftin qiymətinin kəskin enməsilə Azərbaycanın ixrac imkanlarının qat-qat azaldığını deyir və bu boşluğu doldurmaq üçün istehsalın qeyri-neft sahəsinin perspektivdə ixrac və ölkəyə valyuta qazandırmaq yönlü olmasını zərurət sayır.
 
Müəllif burada nəzərdə tutulan hədəflərə çatmaq üçün qeyri-neft sahəsinin vahid tam kimi inkişafının şərt olduğunu deyir.
 
Müəllif xatırladır ki, bu yaxınlarda kənd təsərrüfatı məhsullarının ixrac gəlirinin neft gəlirlərini üstələdəyi barədə bəyanat yayılıb, amma bunun heç də bu qədər sadə olmadığını vurğulayır.
 
Yazıda deyilir ki, bu, heç də kənd təsərrüfatının daha səmərəli olması deyil, sadəcə ölkədə valyuta azlığı ilə bağlı ixrac bazaına yol açılıb, amma burada da medalın "iki tərəfi" var.
 
Əvvəl vətəndaş öz büdcəsini təqribi xərclərinə hesablaya bilirdisə, indi az qala hər gün qiymətlərin artması üzündən bunu edə bilmir, bu da bəzi alış-verişdən imtinaya səbəb olur.
 
Yazı müəllifi xatırladır ki, devalvasiyadan sonra hakimiyyət qiymət artımını xaricdən malları dollarla alması ilə izah edirdi: "İndi isə, demək olar ki, bir ildir ki, dolların qiyməti sabitdir, amma idxal və eləcə də yerli malların qiymət artımı davam edir. Əvvəlki kimi qalan maaşlarla müqayisədə yeni qiymətlər bir çox ailələr üçün qaldırılması mümkün olmayan yükə dönüb, kimlərsə yoxsulluq həddindən aşağı yuvarlanıb. Qiymətlər niyə artır və buna son veriləcəkmi?".
 
Müəllifə görə, bütün keyfiyyətli məhsullar ixraca gedir, satıcılar çox zaman istehlak bazarında qiymət bahalığını bu amil ilə izah edirlər.
 
Yazı müəllifi hesab edir ki, yalnız kənd təsərrüfatı mallarının ixracı qiymətə, keyfiyyətə və kəmiyyətə mənfi təsir etmədiyi halda bu sahəni inkişaf etmiş saymaq olar, indi isə bunu demək mümkün deyil.
 
Məqalədə nəyin hesabına olursa olsun, ixrac artımı da bəyənilmir və yerli istehlakçıları gözardı etmək yaxşı sayılmır, həm də bu hal ölkəni qazla təchiz edə bilməyən qaz təchizatçılarının Avropaya yanacaq göndərilməsini artırmaları ilə müqayisə olunur.
 
Müəllif hesab edir ki, ixrac özü də düşünülmüş proqrama malik olmalıdır, amma hələ ki, nə Nazirlər Kabineti, nə də ayrı-ayrı nazirlikrlər belə bir strategiya hazırlamağa qabil deyildirlər.
 
Yazı müəllifinə görə, kənd təsərrüfatının inkişafı da ayrıca bir sahənin inkişafı kimi götürülməməli, bütünlükdə qeyri-neft sahələrinin inkişafının tərkib hissəsi kimi görülməlidir. (contact.az)
 

Google+ WhatsApp ok.ru