Yalnız partiya sədrlərinin qatıldığı piket keçiriləcək – Azərbaycanda ilk!

Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların rəhbərlərinin iştirakı ilə piket keçirilməsi gözlənilir. Etiraz aksiyasının siyasi məhbuslara azadlıq tələbi ilə keçiriləcəyi deyilir. Bu barədə "Yeni Müsavat"a sözügedən Mərkəzdən məlumat daxil olub. Məsələni dəqiqləşdirmək üçün Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə danışdıq. P. Hüseyn bildirdi ki, adıçəkilən Mərkəzdəki partiyaların sədrləri piket keçirilməsi məsələsini qurumda müzakirə ediblər: “Siyasi məhbusların azad olunması və ictimai sektora basqılara son qoyulması tələbi ilə piket keçirilməsi müzakirələri gedib. Amma hələlik piketin dəqiq günü, yeri bəlli deyil. Prinsipcə razılaşdırılıb ki, belə bir piket olsun”. 
 
P. Hüseyn dedi ki, müzakirəsi aparılan piket özəlliyi ilə fərqlənəcək: “Əgər piket baş tutacaqsa, ilk belə aksiya olacaq ki, yalnız partiya sədrləri iştirak edəcək. Çünki bu piketdə ancaq partiya sədrlərinin iştirakı nəzərdə tutulur. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan 11 partiyanın böyük əksəriyyəti belə bir piketin keçirilməsinin tərəfdarıdır. Yalnız partiya sədrlərinin iştirakı ilə piket keçirilməsi etiraz aksiyası formalarından biridir. Digər başqa formalarda aksiyaların keçirilməsi də müzakirə olunub və piket barədə ümumi siyasi qərar var”.  
 
AXP sədri onu da dedi ki, mitinq məsələsi də gündəlikdədir. Amma konkret nə vaxt mitinq keçiriləcəyi müzakirə edilmir.  Onun sözlərinə görə, istənilən an bu məsələ gündəmə gələ bilər. 

Google+ WhatsApp ok.ru