Zavallı Azərbaycan kəndlisi də aqrar sığorta görəcəkmi?

Zavallı Azərbaycan kəndlisi də aqrar sığorta görəcəkmi?

“Ağdamın Çəmənli və Quzanlı kəndlərində dolu əkin sahələrinə ziyan vurub. Daşkəsəndə sel nəticəsində mal-qara tələf olub. Qubada 12 qoyun canavarın hücumuna məruz qalıb”.
 
Belə xəbərləri oxuyunca ixtiyarsız sual qopur ağızlardan: Görəsən, zavallı kəndli indi nə edəcək? İlboyu göz dikdiyi əkin-biçinini sel zay etdisə, indi ili necə başa vuracaq? İtirdiyi heyvanın yerinə yenisini necə alacaq? Bütövlükdə dövlət, cəmiyyət gözüylə baxanda isə həmin suallar çox qısa ifadə olunur:
 
Aqrar sektorun risklərini kim qarşılayacaq?
 
Kənd Təsərrüfatı Nazirliyinin (KTN-in) əməkdaşları belə riskləri qarşılayan icbari sığorta mexanizmini yaratmaq üçün yerlərdə fermer təsərrüfatları ilə görüşürlər. Nazirlikdən AzadlıqRadiosu-na verilən məlumata görə, hazırda Qubada fermerlərin riskləri öyrənilir, mexanizmin tətbiqi yolları araşdırılır.
 
Qurumun iş etikası baxımından adının çəkilməsini istəməyən əməkdaşı eyhamla Azərbaycanın Türkiyə təcrübəsinə meyl göstərdiyini bildirir və KTN-in qonşu ölkədə bu sahədə olub-bitənləri öyrənmək istəyinə diqqət çəkir.
 
Məsələ heç də birmənalı qarşılanmır. Sosial şəbəkələrdə dolaşan məlumatlara görə, ortada iribuynuzlu heyvanı – 60 manata, xırdabuynuzlu heyvanı 6 manata sığortalamaq təklifi var. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı bunu təkzib edərək deyir ki, hələ mexanizm hazır olmadığından, sığorta məbləği də müəyyənləşməyib.
 
 
“Dəyən ziyanı ödəmək zamanı gəldiyində...”
Mövzunu müzakirə edənlərin çoxu aqrar sektorda icbari sığorta sisteminin işləməyəcəyini düşünür. Məsələn, Elmar Həsənli yazır ki, “sığortapulu yığılacaq, amma dəyən ziyanı ödəmək lazım gəlincə, heç kimi tapmaq mümkün olmayacaq”.
 
İlham İsgəndərovunsa sadə bir sualı var. Soruşur ki, qoyunu canavar parçalasa, sığorta şirkəti nə qədər ödəyəcək?
 
Şəmkirdə yaşayan fermer Şahin Nəcəfovun da sualları çoxdur. Deyir, kəndlinin icbari sığortaya ehtiyacı var və bu, onu risklərdən qoruya bilər. Di gəl, sığorta haqları fermerin cibinə uyğun olacaqmi? “Mən də oxumuşam ki, bir inəyi 60 manata sığortalayacaqlar. 20-30 minlik maşının sığortası 72 manat olduğu halda, 800-1000 manatlıq inəyin sığortası necə 60 manat ola bilər?” – Şahin Nəcəfov belə deyir.
 
Fermerin fikrincə, ilk olaraq, fermer hər inəyə 5-10 manat 5-10 manat sığortahaqqı ödəyə bilər. Sığortahaqqı bu məbləği aşacaqsa, yerdə qalan məbləğ dövlət büdcəsi hesabına ödənilsə, yaxşıdır.
 
 
“Siğorta şirkəti cığallıq etsə?..”
Aqrar məsələlər eksperti Vahid Məhərrəmov da nazirliyin təşəbbüsünü birmənalı qarşılamır. O, icbari aqrar sığortanın fermer və kəndli ailə təsərrüfatlarına ciddi problemlər yaşadacağından narahatdır: “Sabah sığorta olayı baş verəndə, sığorta şirkəti kəndlini günahlandıra bilər ki, qəza sığorta hadisəsi deyil. Onda fermer iş-gücünü atıb məhkəməyə getməlidir, əlavə problemlər yaşamalıdır”.
 
Vahid Məhərrəmov deyir, 10-12 il öncə Azərbaycanda Dünya Bankının xəttiylə Qərb bölgəsində fermer təsərrüfatları ilə bağlı layihədə kəndli təsərrüfatı sığortalanmışdı, ancaq bəzi sığorta şirkətləri baş verən olayı sığorta hadisəsi kimi qiymətləndirməkdən imtina etdi və ona görə də layihənin sonrakı mərhələlərində fermerlər sığortahaqqı ödəmək istəmədilər: “Bu, acı təcrübədir. Kim zəmanət verə bilər ki, sığorta şirkətləri yenə elə davranmayacaq? Hələ bir məqam da var: Fermer uzunmüddətli, iki-üç aylıq hava proqnozu ilə təmin edilməlidir ki, əkin sahəsini, mal-qarasını təbii hadisələrdən qoruya bilsin”.
 
Ekspert ölkədə suvarma, torpaqların erroziyası problemləri olduğunu da vurğulayır və düşünür ki, belə risklər aradan qalxmayınca, icbari aqrar sığorta effekt verməz.
 
Türkiyədə sığortapulunun yarısını dövlət ödəyir
 
Azərbaycanın təcrübəsindən faydalanmaq istədiyi Türkiyədə sığortapulunun bəlli hissəsini dövlət qarşılayır. TARSIM “Tarım Sığortalıları Havuzu”undan AzadlıqRadiosu-na bildirirlər ki, əsasən, sığortahaqqının yarısını dövlət ödəyir, fermersə məbləğin 25 faizini nağd, yerdə qalanını bir neçə dəfəyə ödəyə bilər.
 
Türkiyədə təbii fəlakətlər, o cümlədən mal-qaraya vəhşi heyvan hücumu, yemdən zəhərlənmə, ilan və ya böcək sancması kimi hallar sığorta hadisəsi kimi qəbul edilir.
 
Orada fermer öz təsərrüfatını “istəyə görə” də sığorta etdirə bilər və bu kateqoriyaya hansı halların daxil edildiyi konkret göstərilib. Bu zaman dövlət sığortahaqqının bir qismini qarşılayır.
 
Türkiyədə aqrar sığortahaqqının yığımı hər il yüksələn xətlə gedir. TARSIM-ın son hesabatına görə, 2015-ci ildə 1 milyard lirəyə yaxın (təxminən 500 min manat) sığortahaqqı yığılıb ki, bunun da yarısını dövlət ödəyib. Daha çox sığortahaqqını əkinçilər və istixanalarda məhsul yetişdirənlər ödəyib. Üçüncü yerdə iribuynuzlu mal-qara sahibləri gəlir.
 
 
Suallar çoxdur...
Azərbaycan kəndli və fermerlərinin sualları çoxdur: Həyətyanı sahələr də bura aid ediləcəkmi? Dəyən zərər əkin sahəsinin ölçüsünə, yoxsa əldə ediləcək məhsula görəmi ödəniləcək? Və s. və i.a.
 
Şəmkirdə fermer təsərrüfatı sahibi Şahin Nəcəfov deyir ki, bu, maşın deyil ki, 100 maşından 10-nun qəza törətmək ehtimalı ola: “Sel gələndə, onlarla hektar əkin sahəsini birdən yuyur, qəfil şaxta düşsə, ağacları don vurur, yüzlərlə ağacda məhsul zay olur. Birdən-birə onlarla fermer sığorta şirkətinin qapısını döysə, bu zərəri ödəyəcəklərmi?”. Sualı səsləndirir və hiss etdirir ki, indiki şərtlərdə “hə” cavabı alsa da, inanmağı gəlməz... (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru