İzdihamsız mitinqlər kimin işinə yarayır...

Pənah Hüseyn: “Əsas məsələ mitinqlərin keçirilməsi, sayından asılı olmayaraq insanların toplanıb orada öz fikirlərini ifadə eləməsidir”

Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti hələ cavab verməyib. “Talana son” şüarı ilə “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulan mitinqə hazırlıq isə davam edir. Mitinq komitəsi, xüsusən də AXCP üzvləri tərəfindən sosial şəbəkədə və mediada 3 may mitinqinə çağırışlar edilir. AXCP-dən bildirilib ki, mitinqdə iştirak üçün 50 mindən yuxarı adama çağırış göndərilib. 

 
Gənc fəallar da 3 may mitinqində iştirak üçün həmyaşıdlarına çağırış edib. 
Milli Şura mart və aprel aylarında iki, Müsavat Partiyası isə bir mitinq keçirib. Əsasən sosial tələblərlə keçirilən bu üç mitinqə üst-üstə 50 min insanın qatılmadığı məlumdur. Bu vəziyyət növbəti mitinqə 50 min insanın qatılacağına inamı azaldır.
 
Bəzi siyasətçilər isə hesab edir ki, cəmiyyətin mitinqlərə marağını az olması səbəbindən az sayda insanların qatıldığı mitinqlərin keçirilməsi müxalifətdən, cəmiyyətdən daha çox iqtidarın marağına xidmət edir. Hakimiyyət ona heç bir narahatlıq yaratmayacaq kütləviliklə keçirilən aksiyalara yer ayırır və seçki ilində beynəlxalq birliyə sərbəst toplaşmaq hüququnun təmin olunduğu, ayda bir neçə dəfə müxalifətin sərbəst şəkildə etiraz aksiyası keçirmək şəraitinin olduğunu göstərir. 
 
 
VİP sədri Əli Əliyev azərinfo.az-a deyib ki, pərakəndə düşmüş, vahid hədəfləri olmayan, heç olmasa fəaliyyətini koordinasiya etmək imkanı olmayan müxalifət bugünkü şərtlər daxilində vəziyyəti dəyişmək gücündə deyil: “Radikal mübarizə üsulunu tərcih edənlərin mübarizə üsulları tərəfimizdən qeyri-effektiv kimi qiymətləndirilir. İllər boyu müxalifət statusunda fəaliyyət göstərən təşkilat və liderlər ölkədə siyasi mübarizəni kəskin radikal şüarlar və vasitələrlə həyata keçirirlər. Nəticə ortadadır. Onu deyim ki, onların siyasi qərarlarına, taktiki seçim hüququna sayğı ilə yanaşıram. Lakin hər bir iş nəticə ilə ölçülür. Əgər son 20 ildə məğlubiyyətlər sıralanırsa, deməli, taktikaya yenidən baxmaq lazımdır. Etiraf edim ki, onlar bu 20 ildə ədalətli şərtlər daxilində keçirilən rəqabətdə uduzmayıblar. 
 
Hər dəfə seçkilərin nəticələri dəyişdirilib və real siyasi mənzərəni əks etdirməyib. Bütün bunlara rəğmən siyasi liderlər rəqabətə girdikdə , siyasi reallıqları tam halda qiymətləndirməli, siyasi nəticələrə təsir edən bütün amilləri göz önünə almalıdırlar. Çünki ölkənin və vətəndaşların həyatı məhz seçkilərin yekunundan asılı olur. Mitinq və digər statuslu kütləvi tədbirlər siyasi mübarizənin formalarından biri və qanuni yoludur. Təəssüf ki, son dövrlər keçirilən tədbirlər azsaylı və nəticəsizdir. Azərbaycanda kütləvi tədbir standartları ötən yüzilliyin sonlarında formalaşıb. O illərdə mitinq iştirakçılarının sayı 50 min iştirakçıdan az olmurdu. Ona görə indiki 1000-1500 nəfərlik tədbirlər cəmiyyətin ovqatına təsir göstərmir. Ola bilər, biz bu ovqat dəyişikliyini görmürük . Kim hansı dəyişikliyi hiss edirsə, desin, biz də görək. Ölkədə siyasi dəngənin dəyişməsi təsirli addımlardan keçir”.
 
AXP sədri Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əsas məsələ mitinqlərin keçirilməsi, sayından asılı olmayaraq insanların toplanıb orada öz fikirlərini ifadə eləməsidir: “Mühüm olan budur. Əlbəttə ki, say nə qədər çox olsa daha yaxşıdır, arzuolunandır. Şəxsən mən 3 may mitinqində iştirak edəcəyəm”.
 
YAP-çı deputat Siyavuş Novruzov isə hafta.az-a deyib ki, Milli Şuranın keçirdiyi mitinq deyil, piketdir. Camaatı narahat etməsinlər: “Onlar 200-300 adam qohum-əqrəbasını yığmaq istəyirlərsə, evlərinə çağırıb, oturub söhbət etsinlər. Bundan ötrü küçələrə çıxmaq lazım deyil. Kimliyindən asılı olmayaraq, insanların qorunması vacibdir. Orada baş verən hər bir hadisəyə görə iqtidar cavabdehlik daşıyır. Bu baxımdan da bazar günləri hüquq-mühafizə orqanlarının istirahətdə olan günüdür, onların istirahəti bununla məhrum olunur. Həmçinin orada yaşayan vətəndaşların da istirahət etmək hüququ var. Məsələn, birinin xeyir, birinin isə şər işi var. Bundan iki saat məhrum olur. İstənilən ayrılan yerdə isə insanların istirahətinə, nəqliyyatın infrastrukturuna ziyan vururlar. Bu baxımdan da mən hesab edirəm ki, bunun özünü də sistemləşdirmək lazımdır. Əgər bunların bir neçə dəfə say məsələsi üst-üstə gəlmirsə, artıq onlara  həmin yerləri ayırmağa ehtiyac yoxdur. Getsinlər, həyətlərində piket keçirsinlər”.

Google+ WhatsApp ok.ru