İSLAMIN İLK MƏSCİDİ – QOBA MƏSCİDİ

Rəbiül-əvvəl ayının 15-ci günü (Dekabrın 27-i) İslamın ilk məscidi – “Qoba” məscidi tikilmişdir. Mədinə şəhərinin altı kilometrliyində yerləşən Qoba məscidi İslam Peyğəmbərinin (s) vasitəsilə tikilmişdir. Qoba məntəqəsinin əhalisi Bənu Əmr ibn Ovf tayfası ilə tanınır və Mədinənin cənubunda, Məkkə ilə Mədinə yolu üzərində yerləşdiyindən İslam Peyğəmbəri (s) Məkkədən Mədinəyə hicrət etdikdə, o həzrətin pişvazına çıxan ilk insanlar həmin məntəqənin əhalisi olmuşdur. Belə ki, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir qrup müşrik o həzrətin Məkkədə ikən evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Müsəlmanlar Peyğəmbəri (s) həmin “Qoba” məntəqəsində qarşılayırlar. Peyğəmbərin (s) hicrətindən üç gün sonra imam Əli (ə) də Məkkədə qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qobaya çatdıqdan sonra, birgə Mədinəyə daxil olurlar.

Tarixçilərin qeydlərinə əsasən, Peyğəmbər (s) Rəbiul-əvvəl аyının 12-də, bаzаr ertəsi günü günortа vаxtı Qobаyа çаtır. (Sonrаdаn Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti müsəlmаnlаrın tаrixinin bаşlаnğıcı təyin edilir.) Peyğəmbər (s) Qobаdа olduğu vаxtda bir məscid tikir ki, bu günümüzə qədər elə Qobа məscidi adı ilə məşhurdur.

Tarixi rəvayətlərə əsasən, bu məscidin tikilişində Peyğəmbərin (s) özünün böyük zəhməti olmuşdur. Hətta səhabələr o həzrətin istirahət etməsini xahiş etsə də, o həzrət qəbul etməmiş və məscidin tikilib başa çatmasında fəal işitirak etmişdir. Peyğəmbərin (s) səhabələrindən Salman Farsi, Miqdad ibn Əsvəd və Əmmar Yasirin də bu məscidin tikilişində böyük zəhmətləri olmuşdur.

İslam Peyğəmbəri (s) Qobaya daxil olduğu zaman Gülsüm ibn Hidmin evində qalır və Qobada olduğu müddətdə Səd ibn Xeysəmənin evində müsəlmanlarla birgə namaz qılır. Hal-hazırda onların hər ikisinin evi məscidin ərazisində yerləşir.

Hal-hazırda Qoba məscidi təmir olunaraq geişləndirilmiş və Mədinənin böyük və gözəl məscidlərindən biridir.

QOBA MƏSCİDİ QURANİ-KƏRİMDƏ

Təfsir alimləri “Tövbə” surəsinin 108-ci ayəsini “Qoba” məscidinin fəziləti ilə bağlı nazil olduğunu qeyd etmişlər. Həmin ayədə buyurulur:

...لَّمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَى مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْ وَاللّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ

“…Həqiqətən, ilk gündən təqva üzərində bina olunmuş məscid namaz qılınması üçün daha layiqdir. (Çünki) o məsciddə pаklаnmаğı sevən kişilər var. Allah pakları sevir.”

Nəql olunur ki, Peyğəmbər (s) Mədinənin mərkəzində sakin olsa da, hər həftənin şənbə və ya bazar ertəsi günləri Qoba məscidinə gedərmiş və orada namaz qılarmış. Həmçinin o həzrətin belə buyurduğu nəql olunur: “Qoba məscidində iki rükət namaz qılmaq bir “ümrə həcci”nin savabına bərabərdir.” (“Tarixe Mədineyi-Münəvvərə”, 1-ci cild, səh. 40-60.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru