“Azərbaycan hökumətinin «kürü diplomatiyası» təsirini itirib`

«Der Tagesspiegel»: «AŞ PA-da Azərbaycandakı repressiyalarla bağlı tənqidi qətnamənin qəbulu dönüş nöqtəsi oldu»

Son illərdə özünün “kürü diplomatiyası” siyasətilə Avropa Şurasında öz xeyrinə manevr etməyi bacaran Azərbaycan hakimiyyətinin hətta bu qurumda da mövqeyinin zəifləməsi xarici medianın da diqqətindən yayınmayıb. Azərbaycanda baş verənlərə adətən göz yuman və ya yüngül tənqidlə kifayətlənən AŞ PA-nın artıq bu ölkədəki repressiyalara göz yummaması, sərt tənqidi qətnamənin qəbulu “dönüş nöqtəsi” kimi qiymətləndirilib. Avropa Şurası ilə Azərbaycan hakimiyyəti arasındakı münasibətləri təhlil edən Almaniyanın “Der Tagesspiegel” qəzeti təsadüfi deyil ki, bu haqda məqaləni “Kürü diplomatiyası”na əlvida?" başlığıyla yayımlayıb. Məqalənin tərcüməsini təqdim edirik:
***
Avropalı parlamentarilər avtoritar ölkələrin təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Azərbaycan əvvəllər “kürü diplomatiyası”nı özünün başlıca siyasətinə çevirmişdi.
Bu qədim Avropa təşkilatının yaranmasında müstəsna rol oynamış üzv ölkələr getdikcə laqeydləşdilər. Bununla da Avropa Şurasında öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən yararlananlara rahat imkan yarandı. Lakin avtoritar rejimlərin bu təşkilata təsirinə ayrı-ayrı siyasətçilər və hüquq müdafiəçilərinin iradəsilə son qoyulmalıdır.
Avropa Ittifaqı ilə Avropa Şurasının siyasi maraqları tez-tez çaşdırılır. Avropa Şurası coğrafi ərazi baxımından daha böyükdür, Lissabondan tütmüş, Vladivostoka qədər uzanır.
Avropa Şurasına üzv olan hər bir ölkə Insan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının tələblərini yerinə yetirməyə borcludur. Öz vətəndaşlarının hüquqlarını pozan hökumətlər Avropa Insan Haqları Məhkəməsi vasitəsilə cəzalandırılır. Strasburqdakı (Avropa Məhkəməsində-red.) ərizələr göstərir ki, Rusiya, Türkiyə, Ukrayna vətəndaşları üçün Avropa Şurasına üzvlük nə qədər vacibdir.
Məlum deyil ki, təşkilata üzv olan 47 ölkədən 318 deputatın hamısı Avropa Şurası Parlament Assambleyasına qatılır, yoxsa yox.
AŞ PA üzvlərinin ötən il Assambleyasının toplantılarında iştirakı cəmi 55 faiz olub. Avropa Şurası katibliyindən bildirilib ki, bu rəqəm qeydiyyatdan keçənlərin göstəricisidir, yəni onların da hamısının debatlarda iştirak edib-etmədiyi məlum deyil. Aktiv iştirakçıların sayı daha da azdır.
Ötən həftə Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçirildi. Almaniyanı bu qurumda təmsil edən 18 deputatdan ən yaxşı halda, on nəfəri səsvermələrdə iştirak edib.
Nümayəndə heyəti bunu AŞ PA-nın sessiyası ilə paralel başqa tədbirlərin keçirilməsi, o cümlədən müxtəlif ölkələrdən olan parlamentarilərlə görüşlərlə izah edirlər. Həmçinin Avropa Parlamentinin deputatları fürsətdən istifadə edərək, seçki kampaniyası aparırlar.
Buna baxmayaraq, Rusiya və Azərbaycandan olan nümayəndə heyətləri Qərbi Avropadan olan həmkarları ilə müqayisədə daha ciddi yanaşırdılar. Hətta Azərbaycan iki il əvvəl Avropanın zəifliyindən istifadə etməyi də bacardı. Azərbaycandakı rejim işini təkcə lobbiçilər vasitəsilə yox, həm də “kürü diplomatiyası”nın köməyilə görür: Avropa Şurasının deputatları xərcləri ödənilməklə bahalı səfərlərə dəvət olundular, bahalı hədiyyələr aldılar. Hələ 3 il əvvəl “Avropa Stabillik Təşəbbüsü” təşkilatı məlumat yaymışdı ki, Azərbaycan AŞ PA-dakı “dostlarını” mütəmadi olaraq kürü ilə təchiz edir.
“Korrupsiya Avropa Şurasında böyük rol oynayır”, - deyə AŞ Pa üzvlərindən biri bildirir.

2013-cü il yanvarın 23-də AŞ PA-da Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, almaniyalı deputat Kristof Ştrasserin hazırladığı qətnamə layihəsi müzakirəyə çıxarılmışdı. Həmin layihə Azərbaycandakı siyasi məhbuslar, onların vəziyyətilə bağlı idi. Azərbaycandakı rejim əvvəlcə ümumiyyətlə, bu qətnamə layihəsinin hazırlanmasına mane olmağa çalışdı, Ştrasserin Azərbaycana səfərinə imkan vermədi. Buna baxmayaraq, məruzə hazırlandı. Belə olan halda, Azərbaycan hökuməti özünə yaxın olan Rusiya və Türkiyə deputatları ilə yanaşı, bir sıra başqa ölkələrdən də dəstək ala bildi. Və Ştrasserin hazırladığı qətnamə layihəsi səsvermə zamanı qəbul edilmədi.
“Axı necə ola bilər ki, əsas prinsipi demokratiya olan bir təşkilata diktaturanın bu qədər güclü təsiri olsun?”, - deyə
“Avropa Stabillik Təşəbbüsü”nün rəhbəri Cerald Knaus bildirir.
Keçmiş Sovet Ittifaqının üzvü olmuş dövlətlər Avropa Şurasına qoşulanda təşkilatın əvvəlki üzvlərində ümid yarandı ki, bu addım həmin ölkələrin də demokratikləşməsinə təkan verə bilər. Amma əvəzində avtoritar dövlətlər Avropa Şurasını dəyişdi.
“Avtoritar ölkələrin deputatları Avropa Şurasını mağazaya çevirirlər”, - deyə Bundestaqın üzvü, Yaşıllar partiyasından olan deputat Mariluiza Bek bildirir.
Yaxşı haldır ki, AŞ PA-nın ən azı, bir neçə deputatı bu vəziyyətə dözmək istəmir. AŞ PA-nın ötən həftə keçirilən sessiyasında “Azərbaycanda demokratik institutların funksionallığı” adlı hesabat müzakirəyə çıxarılmışdı. AŞ PA-nın bu sessiyasındakı digər səsvermələrin heç birində Azərbaycanla bağlı müzakirələrdə olduğu qədər çox deputat iştirak etməmişdi. Hesabat Azərbaycan hökumətinə dost sayılan iki məruzəçi tərəfindən hazırlansa da, sənəddə kifayət qədər açıq tənqidlər vardı. Üstəlik, müzakirələr zamanı da AŞ PA üzvlərinin təklifilə sənədə əlavələr edildi. Azərbaycan nümayəndə heyəti cəhdlərinə baxmayaraq, hesabatın mətnini yumşalda bilmədi. Sonda AŞ PA Azərbaycan hökumətini bu ölkədəki bütün siyasi məhbusları azadlığa buraxmağa çağırdı.
Almaniyanın AŞ PA-dakı nümayəndə heyəti rəhbərinin müavini olan Frank Şvabe hesab edir ki, bu səsvermə dönüş nöqtəsi oldu: “Bu həm də o deməkdir ki, Azərbaycanın ”kürü diplomatiyası"nın effekti başa çatır. Insan haqları ilə bağlı standartlara əməl olunmasını istəyənlər özlərini daha aydın və açıq şəkildə ifadə etməyə başlayırlar".
Bu dönüş barədə Knaus danışmaq istəmədi. Səsvermədən bir gün sonra isə Azərbaycan üzrə yeni həmməruzəçi təyin olundu və o, Bakıdakı rejimin Avropa Şurasında əsas müdafiəçilərindən biri sayılır.
Azərbaycanda qarşıdan gələn parlament seçkilərini nəzərə alaraq, Cerald Knaus hesab edir ki, Avropa Şurası yenə müşahidə missiyası göndərib bu ölkədəki seçkiyə legitimlik donu geyindirməməlidir. Onun sözlərinə görə, diktaturanın təmsilçiləri azad seçilmiş parlamentilərlə eyni iclasda iştirak etməməlidir.
Azərbaycan hakimiyyəti AŞ PA-da qətnamənin qəbulundan o qədər əsəbiləşib ki, ölkənin Avropa Şurasından çıxa biləcəyi barədə fikirlər səsləndirib. Cerald Knaus isə hesab edir ki, bu tipli bəyanatlar taktiki manevrdir.
“Azərbaycan lobbi işinə həddindən artıq böyük məbləğdə maliyyə qoyub”, - deyə Knaus vurğulayıb.(Azadlıq)

Google+ WhatsApp ok.ru