Avropa Şurasından Azərbaycan hökumətinə növbəti çağırış

Ölkədəki repressiyalar Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresində müzakirəyə çıxarılıb

Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresinin monitorinq komitəsinin bugünlərdə Varşavada keçirilən toplantısında Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, bəyanat qəbul edilib. Bəyanatda Azərbaycanda yerli demokratiyanın pisləşməsi, tərəfdaşlıq edən şəxslərin həbsi, ümumiyyətlə, bu ölkədə insan haqları sahəsində durumun ağırlaşmasından narahatlıq ifadə olunur.
 
“Komitənin 2012-ci ildə Azərbaycanda yerli və regional demokratiya ilə bağlı hökumətə bir sıra tövsiyələri olub. Həmin tövsiyələri Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətinə ünvanlayıb. Lakin həmin tövsiyələr elə kağız üzərində qalıb”, – deyə bəyanatda bildirilir.
 
Komitə həmçinin Azərbaycandakı yerli tərəfdaşlarına qarşı repressiyaları, o cümlədən Avropa Məhkəməsinin qərarına baxmayaraq, hələ də həbsdə saxlanılan Siyasi Araşdırmalar Məktəbinin direktoru Ilqar Məmmədovun, bu yaxınlarda müvafin olaraq, 8 il 6 ay və 7 il azadlıqdan məhrum edilmiş Leyla və Arif Yunusların həbsini pisləyib. Komitə eyni zamanda, Azərbaycanda əsas tərəfdaşlarının bank hesablarının dondurulması səbəbindən fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalmasından da təəssüfünü ifadə edib.
 
Konqresin monitorinq komitəsi Azərbaycan hökumətini 2012-ci ildə verilmiş tövsiyələri bir daha nəzərdən keçirməyə çağırır. Qeyd olunur ki, həmin tövsiyələr Azərbaycanın özünün də 2002-ci ildə qoşulduğu Avropa yerli özünüidarəetmə Xartiyası əsasında hazırlanıb.
 
Azərbaycan hökuməti eyni zamanda, Avropa Şurasına üzv olarkən qəbul etdiyi bu təşkilatın Nizamnaməsinin üçüncü bəndində öz əksini tapmış prinsiplərə uyğun olaraq, Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresilə əməkdaşlıq etməyə çağırılır.
 
Komitə Azərbaycan iqtidarını Bakıda həbsdə olan tərəfdaşlarını azadlığa buraxmağa, yerli QHT-lərin normal fəaliyyətinə imkan yaratmağa çağırılır.
 
Komitə Azərbaycandakı bu vəziyyəti diqqətdə saxlayacağını, mütəmadi olaraq, toplantılarda müzakirəyə çıxarılacağını qeyd edir.
 
Komitə qərara alıb ki, növbəti toplantısına Azərbaycan nümayəndə heyəti də dəvət olunsun və onların iştirakı ilə ölkədəki vəziyyətə dair müzakirələr aparılsın.

Google+ WhatsApp ok.ru