Azərbaycanın xarici ticarətdən valyuta qazancı 27 dəfə azalıb

Azərbaycanın xarici ticarətdən valyuta qazancı 27 dəfə azalıb

“Azadlıqinfo”da yer alan “Azərbaycanın xarici ticarətdən valyuta qazancı 27 dəfə azalıb” sərlövhəli məqalədə ölkə gəlirlərinin azalmasının səbəbləri gündəmin müzakirəsinə daşınır.

 
Müəllifin sözlərinə görə, Azərbaycanın xarici ticarətdən valyuta qazancı fevralda 27 dəfə və ya 96 faiz azalıb və bu şərtlər altında valyutaya təlabatı ödəmək, ölkənin Tədiyə Balansında tarazlığı saxlamaq qeyri-mümkündür.
 
Məqalədə Dövlət Statistika Komitəsinə istinadən deyilir ki, idxalın real həcmi bu ilin yanvar ayında ötən ilin eyni dövrülə müqayisədə 45%, fevral ayında isə 25% azalıb.
 
Müəllifə görə, idxalın fiziki həcminin 1% azalması yanvarda 6,7 milyon dollara, fevralda isə 3,1 milyon dollara qənaət etməyə imkan versə də, iri valyuta itkilərindən qaçmaq mümkün olmayıb.
 
Belə ki, bu ilin fevral ayında Azərbaycan xarici ticarətdən vur-tut 53 milyon dollar valyuta qazanıb (ixrac-idxal). Bu göstərici ötən ilin fevral göstəricisindən 14 dəfə və ya 93 faiz (676 milyon dollar), bu ilin yanvar göstəricisindən isə 27 dəfə və ya 96% (1,4 milyard dollar) azdır.
 
Müəllif deyir ki, fevral və mart aylarında Cari Əməliyyatlar Hesabında (Tədiyə Balansında) kəsir əmələ gəldiyini qətiyyətlə söyləmək olar. Çünki 2018 və 2019-cu illərdə Tədiyə Balansının Cari Əməliyatlar Hesabında tarazlığı-balansı saxlaya bilmək üçün orta hesabla hər ay 1,8 milyard dollar xərcləmək lazım gəlib ki, bu məbləğin də 74-75 faizi xarici ticarətdən əldə olunan qazanc hesabına təmin olunub. İndi təsəvvür edin ki, aylıq tələbatı təmin etmə səviyyəsi 15 dəfə aşağı düşüb.

Google+ WhatsApp ok.ru