Banklar əhalini borclandırır

Kiçik və orta biznesin inkişafi bilavasitə bank sektorundan asılıdır.İnkişaf etmiş ölkələrdə yeni biznesə başlayanlara olduqca aşağı faizlərlə və güzəştli şərtlərlə kreditlər verilir.Nəticədə həm iqtisadiyyat inkişaf edir, həm əhalinin rifah halı yüksəlir, həm də banklar qazanır. Azərbaycanda fəaliyyət göstərən banklar isə nəinki kiçik və orta biznesin inkişafında maraqlı deyil, yalnız əhalinin borclanması ilə məşğuldurlar. Təəssüf ki, bu tendensiya hər ötən il artır.
 
Azərbaycanda banklardan kredit götürənlərin sayı 2 milyon 233 milyon nəfərdir. Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin sonuncu məlumatına əsasən ölkədə təxminən hər 4 nəfərdən birinin banka borcu var. Özü də bu borcun heç də hamısı geri qaytarılmır. Problemli kreditlərin, yəni vətəndaşların banklara geri ödəmə bilmədiyi borcun həcmi 1 milyard manata yaxındır.
 
İlbəil kredit torbasının ağzını daha geniş açan banklar nə aparılan islahatlara və nə də edilən xəbərdarlıqlara məhəl qoyur. Məsələn, "Banklarda kreditlərin verilməsi Qaydaları"nın tələblərinə əsasən, iş yerindən arayışsız kredit verilməsi qadağandır.   Mərkəzi Bank bununla bağlı dəfələrlə banklara xəbərdarlıq ünvanlayıb. Bir müddət gözdən pərdə asmaq üçün bu tələbə riayət olunsa da, hazırda vəziyyət yenə əvvəlki kimidir. Gəliri olana da, olmayana da kredit verilir.
 
Digər tərəfdən, Mərkəzi Bankın uçot dərəcələrinin, demək olar ki, hər il dəyişməsinə baxmayaraq, banklar kredit faizlərinə toxunmur. Hazırda ən bahalı kreditlər əhaliyə təqdim olunan təminatsız kreditlərdir. Belə kreditlərin illik faiz dərəcəsi bəzən 35%-ə çatır.
 
İqtisadi inkişafa təkan vermək isə bankların ümumiyyətlə maraq dairəsində deyil.Üstəlik, dövlət özəl sektora dəstək vermək üçün hər il büdcədən banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kredit verir ki, banklar bu vəsaiti sahibkarlığın inkişafına yönəltsinlər. Bankların xaricdən kredit formasında aşağı faizlə vəsait cəlb etməsinə də məhz dövlət şərait yaradır. Bütün bunlara baxmayaraq, sahibkarlar banklardan kredit almaqda çətinlik çəkirlər.

Google+ WhatsApp ok.ru