Büdcə şəffaflığında Azərbaycan mənfi reytinqdə

Büdcə şəffaflığında Azərbaycan mənfi reytinqdə

-- 2006-cı ildən bu yana Azərbaycan üçün ən aşağı reytinq...

"Exo" qəzetində "Beynəlxalq reytinqlərdə neqativ Azərbaycan" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif Azərbaycanın beynəlxalq reytinqlərdə aşağı yerlər tutmasının səbəblərini iqtisadçı-ekspert, professor Elşad Məmmədovla müzakirə edir.
 
E.Məmmədov Beynəlxlaq Büdcə Tərəfdaşlığı təşkilatının büdcə şəffaflığına görə reytinqində Azərbaycanın 115 ölkə arasında 100 baldan cəmi 34 balla 77-ci yeri tutmasını göstərir: "Azərbaycanda büdcə tamamilə hökumətin əlindədir. Onun formalaşmasında müstəqil ekspetlər birliyi, ictimaiyyət iştirak etmir. Məhz bu səbəbdən Azərbaycan yumşaq ifadə etsək büdcə şəffaflığına görə, reytinqdə pis yer tutub". Bu şərhi qəzetə iqtisad edlmləri doktoru, professor Elşad Məmmədov verib.
 
Ekspert deyir ki, büdcə göstəricilərinin formalaşdırılması ilə bağlı məsələlər hakimiyyətin yuxarı orqanlarının müstəsna səlahiyyətidir, amma dünya təcrübəsi sübut edir ki, onun üzərində qeyri-hökumət ekspertlər birliyi və ictimaiyyətin iştirakı olduqda büdcə dəqiq və səhvsiz formalaşdırılır və icra edilir.
 
"Söhbət təkcə büdcənin şəffaflığından getmir, büdcənin səmərəli reallaşdırılması, onun müasir iqtisadiyyat reallıqlarına nə dərəcədə cavab verməsi Azərbaycan üçün aktual məsələ olaraq qalır. Bu parametrlər üzrə göstəriciləri yaxşılaşdırmaq üçün dövlət büdcəsinin formalaşdırılmasına çıxışı açmaq lazımdır".
 
E.Məmmədov hesab edir ki, büdcə şəffaflığı problemi Azərbaycanda ilk dəfə deyil, amma hökumətin iqtisadi blok strukturları da, elə parlament də büdcə formalaşdırılması üçün xarici təcrübəyə müraciət etmək fikrində deyil.
 
Ekspert deyir ki, ona görə də büdcə bütünlüklə hökumətin əlindədir, bu prosesdə hər hansı müstəqil ekspert birliyi iştirak etmir: "Mən bu prosesdə iştirak etmək istədim, amma təəssüf ki, buna çıxış yoxdur. Bu da var ki, büdcənin nə qədər yaxşı formalaşdırılmasından iqtisadiyyatın sonrakı illərinin nəticələri asılı olur".
 
E.Məmmədov bu reytinqin 2006-cı ildən bu yana Azərbaycan üçün ən aşağı reytinq olduğunu bildirir, sonuncu dəfə Azərbaycan 2015-ci ildə 51 bal yığmaqla mənfi nəticə göstərdiyini vurğulayır.
 
Ekspert xatırladır ki, dünyada büdcə şəffaflığı üçün orta göstərici 43 baldır ki, Azərbaycan bu sıraya da aid deyil.
 
E.Məmmədov deyir ki, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün təkcə şəffaflıq və vətəndaşların məlumatlara çıxış əldə etməsi yetərli deyil, həm də onların büdcə prosesində iştiraklarına imkan vermək də vacibdir.(contact.az) 
 

Google+ WhatsApp ok.ru