BMT-nin işgəncələrə qarşı qurumu 6 aydan sonra cəzaçəkmə yerlərinə buraxılıb

İşgəncələrin Qarşısının Alınması Üzrə BMT-nin Alt Komitəsinin (SPT) nümayəndə heyətinin Azərbaycanın rəsmi qurumlarının əməkdaşlıq etməməsi səbəbindən keçən il təxirə salınan səfəri altı ay sonra aprelin 16-24-də baş tutub.
 
Alt Komitənin (SPT) mətbuat üçün məlumatında deyilir ki, İşgəncələrin Qarşısının Alınması Üzrə BMT-nin Alt Komitəsinin (SPT) nümayəndə heyəti təxirə salınmış səfər çərçivəsində Azərbaycanda azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişin təmin olunmasını müsbət dəyərləndirir və eyni zamanda höküməti azadlıqdan məhrum edilən bütün şəxslərin hüquqlarının müdafiəsi istiqamətində daha çox səylərin tətbiq edilməsinə çağırır.
 
SPT-nin nümayəndə heyətinin rəhbəri Aişa Şujun Muhamməd bildirib ki, bu dəfə Azərbaycan höküməti azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişi təmin edib. “Bununla belə, hökümət azadlıqdan məhrum edilən bütün şəxslər üçün vəkil və həkim xidmətinin əlçatan olması, habelə ailə ilə əlaqənin yaradılması da daxil olmaqla bütün fundamental hüquqi və prosedur haqqları təmin etməlidir”.
 
Məlumatda bildirilir ki, aprelin 24-də dörd nəfərdən ibarət SPT heyəti azadlıqdan məhrum edilən bütün şəxslərə qarşı işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalardan müdafiə etmək sahəsində fəaliyyətinin gücləndirilməsi üzrə ilkin müşahidələrini konfidensial olaraq Azərbaycanın rəsmi qurumlarına çatdırılıb.
 
BMT ekspertlər qrupu Naxçıvan daxil olmaqla, ölkənin müxtəlif bölgələrində azadlıqdan məhrumetmə yerlərinə səfərlər edib. Bu siyahıya polis məntəqələri, istintaq təcridxanaları və müvəqqəti saxlama yerləri, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası, həbsxanalar, psixiatriya xəstəxanaları və sosial qayğı mərkəzləri daxildir.
 
Nümayəndə heyətinin üzvləri hüquq-mühafizə orqanlarının əməkdaşları, tibbi heyət və azadlıqdan məhrum edilən şəxslərlə fərdi və məxfi müsahibələr keçirib. SPT heyəti həmçinin Azərbaycanın müvafiq rəsmi qurumları, Milli Preventiv Mexanizm (MPM) kimi tanınan müstəqil monitorinq qrupunun üzvləri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşüb.
 
Səfərdən sonra SPT öz müşahidə və tövsiyyələrdən ibarət hesabatını konfidensial olaraq Azərbaycan hökümətinə təqdim edəcək.
 
Xanım Muhamməd həmçinin qeyd edib: “Ümid edirik ki, Azərbaycan höküməti işgəncə və digər qeyri-insani rəftar hallarının qarşını almaq, habelə azadlıqdan məhrumetmə yerlərinin şəraitini daha da yaxşılaşdırmaq istiqamətində bizim hesabatdan geniş istifadə edəcək”.
 
Digər ölkələrdə olduğu kimi, SPT Azərbaycan hökümətini sözügedən hesabatı ictimaiyyətə açıqlamağa çağırır.
 
Xatırladaq ki, SPT-nin səlahiyyətlərinə səfərlər, monitorinq və İşgəncələrə qarşı Konvensiyanın Fakültativ Protokolu (OPCAT) haqqında üzv dövlətlərin məlumatlandırılması vasitəsilə azadlıqdan məhrum edilən bütün şəxslərə qarşı işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısını almaq daxildir.
 
Dövlətlər insanların azadlıqdan məhrum edildiyi və yaxud edilə biləcəyi istənilən yerlərə SPT-nin elan olunmamış və məhdudiyyətsiz girişi təmin etmək öhdəliyi daşıyır. Dövlətlər həmçinin Milli Preventiv Mexanizmlər yaratmalıdır ki, onlar da ölkənin müxtəlif bölgələrində azadlıqdan məhrum etmə yerlərinə mütəmadi monitorinq səfərləri həyata keçirsin.

Google+ WhatsApp ok.ru